DB Azərbaycanda pandemiyaya qarşı hansı cavab tədbirlərini maliyyələşdirəcək?

DB Azərbaycanda pandemiyaya qarşı hansı cavab tədbirlərini maliyyələşdirəcək? İyunun 7-də Dünya Bankı (DB) Azərbaycanda COVID-19 pandemiyasına təcili cavab layihəsinin qiymətləndirməsini həyata keçirməyi planlaşdırır. Layihənin bankın Direktorlar Şurası tərəfindən təsdiqi isə sentyabrın 6-na planlaşdırılıb.
Maliyyə
3 İyun , 2021 16:34
DB Azərbaycanda pandemiyaya qarşı hansı cavab tədbirlərini maliyyələşdirəcək?

İyunun 7-də Dünya Bankı (DB) Azərbaycanda COVID-19 pandemiyasına qarşı təcili cavab layihəsinin qiymətləndirməsini həyata keçirməyi planlaşdırır. Layihənin bankın Direktorlar Şurası tərəfindən təsdiqi isə sentyabrın 6-na planlaşdırılıb.

Report” Dünya Bankına istinadən məlumat verir ki, layihə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınmasında, xəstəlik hallarının aşkarlanması və müalicəsi üçün səhiyyə sisteminin möhkəmləndirilməsində və pandemiyanın bir sıra sosial fəsadlarının yumşaldılmasında Azərbaycan hökumətinə dəstək verəcək.

Layihə üç komponentdən ibarətdir. "COVID-19-a təcili cavab" adlanan birinci komponent COVID-19-un yayılmasının qarşısını almaq və idarə olunmasını asanlaşdırmaq üçün Azərbaycana təcili dəstək göstərilməsini nəzərdə tutur. Dəstək pandemiya zamanı xəstələrə müstəsna xidmət göstərən tibb işçilərinin maliyyələşdirilməsi və onlara əlavə ödənişlərin edilməsi şəklində həyata keçiriləcək. COVID-19-a yoluxmuş xəstələrin qiymətləndirilməsi, müalicəsi və monitorinqi üçün tibbi ləvazimatların, cihazların və avadanlıqların alınması nəzərdə tutulub. Bura, ehtiyac olarsa, 5 xəstəxana üçün əlavə intensiv terapiya çarpayılarının təşkili və laboratoriya dəstəyi daxil ola bilər. Bundan başqa, xəstəxanalarda tibb işçiləri üçün profilaktika və nəzarət protokollarının tətbiqi həyata keçiriləcək, pandemiyanı məhdudlaşdırmaq məqsədilə davamlı sosial məsafəni və ictimai səhiyyə tədbirlərini dəstəkləmək üçün risklər haqqında məlumatlandırma yerinə yetiriləcək.

İkinci komponent pandemiya səbəbindən sosial yardıma artan ehtiyacı maliyyələşdirməklə həssas ailələrə və ya ayrı-ayrı şəxslərə müvəqqəti gəlir dəstəyinin göstərilməsini nəzərdə tutur. Layihə çərçivəsində 47 min yeni ailəyə ödənilən aylıq 225 manatlıq (təxminən 132 ABŞ dolları) ünvanlı sosial yardımın 3 ayı maliyyələşdiriləcək.

İşsiz qalmış və Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyatdan keçmiş 170 min nəfərə 190 manat (təxminən 111 ABŞ dolları) məbləğində birdəfəlik ödənişin edilməsi nəzərdə tutulub. Azərbaycan hökuməti 2020-ci ilin aprel-iyun aylarında 600 min işsiz vətəndaşa 190 manat aylıq müavinət ödəyib. Pandemiyanın genişlənməsinin qarşısını almaq üçün görülmüş tədbirlər nəticəsində rəsmi və qeyri-rəsmi iş yerindən məhrum olmuş şəxslərə yardım göstərilib. Layihə çərçivəsində yardım almış 600 min nəfərdən 170 min nəfərinə ödəniş ediləcək.

Üçüncü komponent layihənin həyata keçirilməsi üçün tələb olunan inzibati və insan resurslarının dəstəklənməsi, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində monitorinq və tərəqqinin qiymətləndirilməsi ilə bağlıdır.

“Layihənin reallaşdırılması ilə bağlı yanaşma əsas funksiyaların mövcud institutlara inteqrasiyasından ibarət olacaq. Layihə onun icrası ilə bağlı cəlb edilmiş işçi heyətinin məsrəflərinin (satınalmalar, maliyyə idarəetməsi, ekoloji və sosial zəmanətlər, məlumatlandırma və təbliğat, kommunikasiya kampaniyaları, monitorinq və qiymətləndirmə, hesabatlılıq və maraqlı tərəflərlə qarşılıqlı fəaliyyət), koordinasiyanın və inzibatçılığın maliyyələşdirilməsini həyata keçirəcək. Bu komponent həmçinin xarici auditor tərəfindən aparılacaq səmərəlilik üzrə auditin keçirilməsini maliyyələşdirəcək”, - bankın məlumatında deyilir.

Layihə 2 illik müddətə nəzərdə tutulub. “Tədbirlərin əksəriyyəti, o cümlədən sosial müdafiə tədbirləri layihənin ilk 6-9 ayı ərzində maliyyələşdiriləcək və tamamlanacaq. Bəzi sağlamlıq tədbirləri, xüsusən də gələcək pandemiyalara cavab vermək üçün səhiyyə sisteminin gücləndirilməsinə aid olan tədbirlərin həyata keçirilməsi daha uzun çəkə bilər. Bundan başqa, yeni variantlar ortaya çıxdıqca gələcəkdə COVID-19-un dalğaları meydana gələ bilər”, - bankdan bildiriblər.

Son xəbərlər

Orphus sistemi