Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi 2020-ci ili 27 min manat zərərlə başa vurub.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə təxminən 5 dəfə çoxdur.
Ötən il Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin əsas əməliyyat gəlirləri 3,236 milyon manat (əvvəlki ilə nisbətən 8,85% çox), sair əməliyyat gəlirləri 2,693 milyon manat (demək olar ki, dəyişməyib), icarə haqqı xərcləri 2,326 milyon manat (4,8% az), inzibati xərcləri 2,691 milyon manat (10,3% çox), sair əməliyyat xərcləri isə 940 min manat (19,3% çox) təşkil edib.
Bu il yanvarın 1-nə Mərkəzin aktivləri 5,924 milyon manat olub ki, bu da, illik müqayisədə 11,7% azdır. Hesabat dövründə qurumun öhdəlikləri təxminən 3 dəfə artaraq 2 min manata çatıb, balans kapitalı isə 11,8% azalaraq 5,922 milyon manata düşüb.