ABŞ-da aprel ayı üzrə işsizliklə bağlı məlumatların yayımlanmasından sonra dollar ucuzlaşır.
“Report” xəbər verir ki, avronun dollara qarşı məzənnəsi öncəki günün bağlanış səviyyəsi (1,2064) ilə müqayisədə artıb – 1,2122. Dolların Yaponiya yeninə qarşı məzənnəsi isə öncəki bağlanışdakı 109,08 səviyyəsindən 108,72-yə düşüb. Dollar indeksi (dolların ABŞ-ın əsas ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə qarşı məzənnəsi) 0,47% azalaraq 90,52 bəndə düşüb.
Amerika valyutasına ABŞ-a dair zəif statistik məlumatlar təzyiq göstərib, statistika açıqlanandan sonra dollar avroya nisbətdə enişini gücləndirib, yenə qarşı mənfiyə gedib. Statistikalar açıqlanmadan əvvəl dollar indeksi 90,91 bənddə olub.
Qeyd edək ki, açıqlanan statistika ABŞ-dakı işsizliyin aprel ayında 6,1% yüksəldiyini göstərir. Hərçənd martdakı 6%-lik artımdan sonra bu dəfə göstəricinin müsbətə doğru azalacağı gözlənilirdi. İqtisadiyyatın qeyri-kənd təsərrüfatı sahələrində işləyən adamların sayı artıb, lakin proqnozdan bir neçə dəfə az olub - cəmi 266 min nəfər.