EBRD vitse-prezidenti: “Yaşıl" maliyyə, infrastruktur və rəqəmsallaşma Azərbaycanla əməkdaşlığın prioritetləridir”

EBRD vitse-prezidenti: “Yaşıl" maliyyə, infrastruktur və rəqəmsallaşma Azərbaycanla əməkdaşlığın prioritetləridir” Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman “Report”a eksklüziv müsahibəsində bankın Azərbaycan ilə əməkdaşlıqda qısa və ortamüddətli perspektivdə əsas prioritetləri, beynəlxalq maliyyə bazarları
Maliyyə
20 Yanvar , 2023 16:31
EBRD vitse-prezidenti: “Yaşıl maliyyə, infrastruktur və rəqəmsallaşma Azərbaycanla əməkdaşlığın prioritetləridir”

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman “Report”a eksklüziv müsahibəsində bankın Azərbaycan ilə əməkdaşlıqda qısa və ortamüddətli perspektivdə əsas prioritetləri, beynəlxalq maliyyə bazarlarında istiqrazların buraxılması imkanları və ölkəmizdə kiçik və orta sahibkarlığa dəstəyin davam etdirilməsi barədə danışıb.

- EBRD-nin Azərbaycanda əsas qısa və ortamüddətli prioritetləri hansılardır?

- Hazırda diqqətimizi iqtisadiyyatın şaxələndirilməsinin dəstəklənməsinə, kiçik və orta biznesin (KOB) maliyyəyə daha yaxşı çıxışını təmin etməyə və Azərbaycanın karbon qazı tullantılarının həcmini azaltmaq səylərini dəstəkləməyə yönəltmişik.

2022-ci ildə bir sıra mühüm hadisə baş verdi. Keçən il biz Qaradağda günəş elektrik stansiyasının tikintisini birgə maliyyələşdirdik. Həmçinin “Yaşıl şəhərlər” proqramımızın bir hissəsi kimi iki saziş də imzalanıb: birincisi, Gəncəyə bərk məişət tullantılarının idarə edilməsini təkmilləşdirməkdə yardım edilməsi istiqamətində, ikincisi, şəhərin enerji səmərəliliyini artırmaq üzrə.

Rəqəmsallaşma sahəsində əməkdaşlığa gəlincə, Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın müxtəlif regionlarında 280 mindən çox ev təsərrüfatının etibarlı internetə çıxışını təmin etmək üçün “Aztelecom” şirkətinə 50 milyon ABŞ dolları həcmində kreditin verilməsini dəstəklədik.

Biz həmçinin İKT mərkəzlərini işə salmışıq. Bu, Azərbaycan hökuməti ilə ikitərəfli donor müqaviləsi çərçivəsində maliyyələşdirilən ilk layihədir. Onun vasitəsilə biz regionlarda tələbələrin təhsilinə dəstək olmaq və onların İKT sahəsində beynəlxalq şirkətlərdə distant iş tapmalarına kömək etmək istəyirik.

2023-cü ilin əvvəli də məhsuldar olub. Səfərim zamanı Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində biz qurğuşun istehsal olunan batareyaları təkrar emal etmək imkanlarını genişləndirmək üçün təkrar emal edilmiş qurğuşun istehsal edən azərbaycanlı istehsalçıya dəstək olmaq üçün ilk dairəvi iqtisadiyyat layihəmizi imzaladıq.

Bu nailiyyətlərə nəzər salaraq əminliklə bildirirəm ki, Azərbaycanla məhsuldar əməkdaşlığımız davamlı infrastruktur, yaşıl maliyyə, iqtisadi inteqrasiya və rəqəmsallaşma sahələrində davam edəcək. Bu sürəti 2023-cü ildə və ondan sonra da qoruyacağıq.

- EBRD beynəlxalq maliyyə institutlarının istiqrazlarının, “yaşıl” istiqrazların və törəmə maliyyə alətlərinin və digər qiymətli kağızların buraxılması üçün maliyyə bazarlarında şəraitin yaxşılaşdırılması məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) ilə fəal danışıqlar aparır. İndi bu müzakirələr hansı mərhələdədir? Mərkəzi Bankla əməkdaşlığın başqa hansı istiqamətləri var?

- Həqiqətən də, EBRD qiymətli kağızlar və törəmə maliyyə alətləri haqqında qanunvericiliyin inkişafının nəzərdən keçirilməsində və qiymətləndirilməsində fəal iştirak etmiş ekspertlər cəmiyyətinin bir hissəsi olmuşdu. Bu dəyişikliklərin yerli mikromaliyyə təşkilatlarının istiqrazlarının, "yaşıl" istiqrazların buraxılmasına, eləcə də törəmə maliyyə alətlərindən daha fəal istifadəyə imkan verəcəyi gözlənilir.

Ümumiyyətlə, Azərbaycanın bank sektorunun dayanıqlığının daha da gücləndirilməsi üçün Mərkəzi Bank ilə fəal və səmərəli dialoqumuz var və gələcəkdə də bu ruhda davam etməyi səbirsizliklə gözləyirik.

O cümlədən AMB ilə ölkədə KOB-ların kreditlərə çıxış imkanlarını yaxşılaşdırmaq üçün bir sıra praktiki alətləri qiymətləndirmək üzrə işləyirik. Biz həmçinin ətraf mühitin mühafizəsi, sosial sfera və idarəetmə (ESG) sahəsində əməkdaşlıq edirik və Mərkəzi Banka bu sahədə məsləhətləşmələrlə kömək etməyə hazırıq.

- Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı EBRD-nin mövqeyi necədir? Bu sektorun inkişafı üçün maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulurmu?

- Azərbaycanda qalıq yanacaqlardan istifadənin dəyəri artıb, ona görə də bərpa olunan enerji mənbələrindən istifadə ekoloji faydaları ilə yanaşı, maliyyə baxımından da cəlbedici olub.

Ona görə də indi investisiyalar və bu sahədə siyasətin hazırlanması vasitəsilə biz Azərbaycanın karbohidrogen asılılığını azaltmaq səylərini fəal şəkildə dəstəkləyirik. Bu yaxınlarda ölkədə ilk özəl günəş elektrik stansiyasının tikintisinə birgə sərmayə qoymuşuq. Biz həmçinin Abşeron yarımadasında külək elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsi imkanlarını da nəzərdən keçiririk.

Azərbaycan Energetika Nazirliyinə enerji sisteminin gücləndirilməsi ilə bağlı araşdırma aparmağa kömək etdik və anlaşma memorandumu imzaladıq. Onun məqsədi Azərbaycanın Paris Sazişi üzrə öhdəliklərinə uyğun olaraq aşağı karbonlu və iqlim baxımından davamlı enerji sektorunun inkişafına dəstək verməyə davam etməkdir.

Memoranduma həmçinin bərpa olunan enerji mənbələrinin gələcək inkişafı, elektrik şəbəkələrinin təkmilləşdirilməsi, enerji səmərəliliyinin artırılması və hidrogen istehsalı kimi yeni texnologiyaların mərhələli şəkildə tətbiqi daxildir.

- EBRD Azərbaycanda KOB-lara dəstəyi necə genişləndirəcək?

- Azərbaycanda əsas məqsədlərimizdən biri yerli maliyyə institutlarının potensialının artırılmasıdır ki, bu da öz növbəsində özəl sektorun maliyyəyə çıxışını artıracaq. Biz burada maliyyə bazarlarının böyüməsini fəal şəkildə təşviq edirik. Hazırda EBRD-nin 2023-cü ildə və ondan sonrakı illərdə əməkdaşlıq imkanlarını araşdırdığı bir sıra bank var.

Biz həmçinin ticarətin maliyyələşdirilməsi və mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi, xüsusən də KOB-ların rəqabət qabiliyyətinin, "yaşıl" maliyyənin, biznesdə qadınların və gənclərin məşğulluğunun dəstəklənməsi baxımından fəaliyyətimizi genişləndirməyə hazırıq. Azərbaycanda kiçik və orta biznesin inkişafı üçün hələ çox işlər görülməlidir.

Son xəbərlər

Orphus sistemi