İyunun 23-25-də Avrasiya Mərkəzi Depozitarlar Assosiasiyasının (AECSD) təşkilatçılığı ilə Mərkəzi Depozitarlar üçün onlayn seminar keçirilib.
"Report" bu barədə Milli Depozit Mərkəzinə (MDM) istinadən xəbər verir.
Məlumata görə, seminarda təxminən 20 ölkədə 100 nümayəndə (o cümlədən məruzəçi) iştirak edib.
Tədbirin əsas məqsədi üzv ölkələrin mühasibat uçotu sistemlərinin modelləri üzrə təcrübə mübadiləsini aparmaq, maliyyə bazarlarının inkişafı və inteqrasiyası üçün tərəfdaşlıq əlaqələrini gücləndirmək olub. Həmçinin, onlayn seminarda üçtərəfli xidmətlər və qiymətli kağızların borc verilməsi, xarici nominal saxlayıcılar üçün xidmət sxemlərinin, ISO 15022 və 20022 formatında məlumatların təqdim edilməsi, elektron IPO və investisiya fondlarının idarə edilməsi mövzuları ətrafında müzakirələr aparılıb.
İştirakçı depozitarların gələcək fəaliyyətlərində prioritet hədəflər olaraq yeniliklərin tətbiqi, maliyyə sabitliyinin möhkəmləndirilməsi və əməliyyat etibarlılığının artırılması qeyd edilib.