"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev "Report"a müsahibə verib:
- Elmar müəllim, sığorta bazarı üçün bu ilin I rübünün yekunlarını necə xarakterizə etmək olar?
- Sığorta sektorundakı artım tendensiyası özünü bu ilin I rübündə də qoruyub saxlaya bilib. Rüb ərzində 258 milyon manat sığorta haqqı yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 milyon manat çoxdur. Hazırda dünyada gedən prosesləri nəzərə alsaq, bu, bizim üçün sevindirici haldır. Ödənişlərdə isə azalma olub və 61,2 milyon manat təşkil edib. Sığorta ödənişlərinin azalması sığorta hadisələrinin sayının azalmasına görədir. Vətəndaşlarımızın sığorta mədəniyyətinin artması sığorta hadisələrinin azalmasına gətirib çıxarır.
Sığorta yığımlarının artımı həm icbari, həm də könüllü növlər üzrə bir neçə istiqamətdə olub. Daşınmaz əmlakın icbari sığortası üzrə 1,5 milyon manat, KASKO sığortası üzrə 1 milyon manat, həyatın yaşam sığortası üzrə 35,2 milyon manat, istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 2,2 milyon manat, kredit sığortası üzrə 152 milyon manat artım olub. Səfər sığortası üzrə də yığımlar iki dəfə artıb. Bu da karantin məhdudiyyətlərinin yumşaldılması, sərhədlərin açılması səbəbindəndir.
- Assosiasiya olaraq qarşısınızdakı əsas hədəflər nələrdən ibarətdir?
- Əsas məqsədimiz sığorta növlərinin penetrasiyasının (əhatəliliyinin) artırılmasıdır. Bəzi sığorta növləri üzrə bu göstərici 100 %-dir. Məsələn, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının penetrasiyası 100 %-ə çatıb. Daşınmaz əmlakın icbari sığortasında da ildən-ilə artım var.
Eyni zamanda, ASA olaraq sığorta şirkətlərinin maraqlarını qoruyuruq, mövcud olan problemlərin həlli, sığorta şirkətləri ilə dövlət qurumları arasında körpülərin qurulmasına çalışırıq.
- Bu il artıq ölkədə bir neçə ajeotaj doğuracaq sığorta hadisəsi baş verib. Bir müddət öncə paytaxtdakı gecə klublarının birində partlayış baş verdi. Bir neçə gün öncə Sumqayıtda ölkədəki şirkətlərdən birinə məxsus sənaye parkında yanğın oldu. Düşünürəm ki, bu hadisələr bir sıra sığorta növlərinin önəmini bir daha gündəmə gətirdi.
- Bəli, bu kimi hadisələr bəzi sığorta növlərinin vacibliyini gündəmə gətirir. Bunlardan birincisi daşınmaz əmlakın icbari sığortası, digəri isə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasıdır. Bu kimi hallarda gündəmə gələn üçüncü sığorta növü daşınar əmlakın yanğından və digər risklərdən könüllü sığortasıdır. Bakıda gecə kubllarının birində olan partlayışda həm vətəndaşın öz əmlakına, həm də üçüncü şəxslərə zərər dəymişdi. Daşınmaz əmlakın icbari sığortası vətəndaşın özünə dəymiş zərəri, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası isə həm vətəndaşın özünə, həm də üçüncü şəxsə dəymiş zərəri qarşılayır. Sumqayıtdakı sənaye parkında bu sığorta növlərinin üçündən də faydalanmışdılar. Araşdırmalar bitdikdən və zərər qiymətləndiriləndən sonra sığortaçı şirkət sığortalıya ödənişlər həyata keçirəcək.
- Bu gün icbari sığortalarla bağlı problemləri necə sadalaya bilərik? Sualımı daha da konkretləşdirsəm, icbari sığorta tarifləri ilə bağlı mövcud vəziyyət qənaətbəxşdirmi?
- Bu gün sığorta sektoru üzrə sığorta şirkətlərinə məxsus olan və olmayan problemlər var. Tariflərə gəlincə, hazırda icbari sığortalar üzrə 2011-ci ildə qəbul edilmiş və dövlət tərəfindən təyin olunan tarif və təminatlar istifadə edilir. Həmin ildən bəri milli valyutamız iki dəfə devalvasiyaya uğrayıb. Bunu nəzərə alsaq, həm tariflərə, həm də təminatlara yenidən baxılması məqsədəuyğundur. Lakin bir məqam da var ki, bu sığorta növləri sosial layihə çərçivəsində tətbiq edilir və icbari qaydada bütün vətəndaşlarımıza şamil olunur. Ona görə də burda bir qədər daha peşəkar yanaşılmalı, tarif və təminatlara yenidən baxılması bir neçə istiqamətdən olmalıdır. Təkcə sığorta sektoru üzərindən yanaşma olması düzgün olmaz.
- Bəs sığorta qanunvericiliyində hansı dəyişikliklərə ehtiyac var?
- Aydındır ki, müasir dövrün tələblərinə əsasən bu sahədə dəyişikliklərə ehtiyac var. Sığorta sektoru bütün dövlət qurumlarının olduğu zəncirin tərkib hissəsidir. Bu sektoru da avtomatlaşdırmaq üçün müəyyən dəyişikliklər olmalıdır. Tədricən bu dəyişikliklər qanunvericilikdə öz əksini tapacaq.
- Bazara yeni sığorta məhsullarının çıxarılması istiqamətində hansı işlər görülür?
- Sığorta şirkətləri son zamanlar bu istiqamətdə aktiv fəaliyyət göstərir. Yeni məhsula ehtiyac olduğu anda həmin məhsulu şirkətlər təqdim edir. Məsələn, son illər panemiya ilə əlaqədar bazara bir neçə məhsul təqdim edildi. Ümumiyyətlə son dövrlərdə sağlamlıqla əlaqəli sığorta növlərinin aktivliyini müşahidə edirik.
- ASA beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində hansı addımları atır?
- İlk məqsədimiz inkişaf etmiş ölkələrin sığorta təcrübəsini öyrənmək, bunlardan Azərbaycana uyğun olanını yerli sığorta bazarının inkişafında tətbiq etmək idi. Bir neçə ölkənin təcrübəsinə müraciət etdik. Sonda gördük ki, Azərbaycan üçün ən uğurlusu Türkiyə təcrübəsidir. İlk olaraq 2020-ci ildə ASA Türkiyə Sığorta Birliyi ilə əməkdaşlıq memorandumu imzaladı. Bu, iki ölkənin sığorta sektoru arasında ilk rəsmi sənəd idi. Memorandumu imzaladıqdan sonra Türkiyə sığorta sektorunun təmsilçiləri ilə sıx əməkdaşlığa başladıq. Çox sayda görüşlərimiz oldu. Son görüşümüzdə “Türk Dünyası Sığorta Birliyi”nin yaradılması barədə qərar qəbul etdik. Birliyə altı türk dövlətinin sığorta sektorunun təmsilçiləri üzv olacaq. Burda Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan təmsilçilər yer alacaq. Əsas məqsəd bu ölkələrin sığorta təcrübələrinin mübadiləsi və kadr mübadiləsidir. “Türk Dünyası Sığorta Birliyi”nin üzvlərinin sığorta hovuzunun yaradılması da nəzərdə tutulub. Təsis konfransı və imzalanma mərasiminin may ayının son həftəsində İstanbulda olması planlaşdırılır. Bu birliyə Türkiyə və Azərbaycan rəhbərlik edəcək.
- Sığorta sektorumuzun növbəti dövrlərdəki vəziyyəti ilə bağlı hansı proqnozları vermək olar?
- ASA olaraq sığorta sektorunun inkişafına yönələn hədəflərimizi müəyyən etmişik. Bu hədəflərə çatmaq üçün icra planlarımız da var. Bunlardan ən əsası sığorta sektorunun ÜDM-dəki payını artırmaq, respublikada sığorta əlçatanlığını yüksək səviyyəyə çatdırmaq, vətəndaşlarımızın sığorta mədəniyyəti səviyyəsini bir az yüksəltmək və bu addımlarla sektorun inkişafını təmin etməkdir. Bu istiqamətdə kifayət qədər işlər görmüşük. Ötən il Mərkəzi Bank, ASA İcbari Sığorta Bürosu arasında memorandum çərçivəsində üç illik layihəyə start verilib. Birinci mərhələ ötən ilə aid idi. Bu mərhələni sektounun 16 % böyüməsi ilə tamamladıq. İkinci mərhələ 2022-ci ilə aiddir. Bu mərhələdə konkret sığorta sinifləri üzrə maarifləndirmə və insanlarda məlumatlılıq səviyyəsinin artırılması istiqamətində işlər aparır. Növbəti mərhələ 2023-cü ili əhatə edəcək. İnanıram ki, bu layihənin bitmə mərhələsində sektorun inkişafını arzu etdiyimiz səviyyəyə çatdıracağıq.