“Fitch Ratings" beynəlxlaq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC-nin (SGC) yüksək səviyyəli təminatsız avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Məlumatda həmçinin deyilir ki, reytinq səhmdar cəmiyyətinin 2026-cı ilə qədər dövriyyədə olacaq, Azərbaycan Respublikasının tam təminatlı (BB+/Stabil) 2 milyard ABŞ dolları məbləğində avrobondlara dair dəyişməz mövqeyi əks etdirir.
"Azərbaycan hökuməti SGC-nin istiqraz sahiblərinə tam və vaxtında geriyə ödəniş təminatı verdiyi üçün qiymətli kağızların reytinqi Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqi ilə eyniləşdirilib. İstiqraz sahibləri SGC-yə qarşı hüquqi tədbir görmədən birbaşa dövlətə qarşı iddialarını təmin edə bilərlər. Zəmanət, ingilis qanunları ilə tənzimlənir və bütün digər təminatsız xarici suveren borclarla eyni səviyyədədir. Tarixən, 2016-2020-ci illərdə dövlət büdcələrində zəmanət üçün ehtiyatlar ayrılıb və biz bu təcrübənin davam edəcəyini gözləyirik", - agentlik qeyd edib.
SGC layihəsinin maliyyələşdirilməsi 6,5 milyard ABŞ dolları həcmində cəlb edilmiş borc və dövlətin 2,4 milyard ABŞ dolları həcmində kapital qoyuluşu hesabına baş tutub.
“Cənub Qaz Dəhlizi” ötən il heç bir yeni borc götürməyib, 2021-ci ilin sonuna borc ehtiyatının demək olar ki, təxminən 70 %-ni Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) buraxdığı istiqrazlar və avrobondlar, 30 %-ni isə beynəlxalq maliyyə institutları tərəfindən dəstəklədiyi kreditlər təşkil edib.
Azərbaycan hökumətinin proqnozlarına əsaslanaraq Fitch qeyd edib ki, bütün layihələri artıq istismara verildiyi üçün, SGC-nin 2022-ci ildə nağd pula olan ümumi ehtiyacı tamamilə "Şahdəniz", Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrindən əldə olunan gəlirlər hesabına ödəniləcək.