2021-ci ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcəsində 4 milyard 603 milyon manat və yaxud 2 milyard 707,4 milyon ABŞ dolları məbləğində profisit yaranıb. 2020-ci ildə isə Fondun büdcəsinin defisiti 3 milyard 064,5 manat və ya 1 milyard 802,4 milyon ABŞ dolları təşkil edib.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəy”ində bildirilib.
Sənədə əsasən, ötən il Fondun büdcəsinin icrası defisitlə proqnozlaşdırıldığı halda neftin xalis mədaxil qiymətinin büdcədə nəzərdə tutulduğundan artıq olması, idarəetmə gəlirlərindəki müsbət tendensiya, eyni zamanda xərclərin proqnoza nisbətdə az icrası fonunda büdcə profisitlə yekunlaşıb:
"2021-ci ilin 1 yanvar tarixinə Dövlət Neft Fondunun vəsaiti 73 milyard 488,7 milyon manat və ya 43 milyard 564,3 milyon ABŞ dolları təşkil edib. 2021-ci il ərzində manat ifadəsilə Neft Fondunun büdcə gəlirlərinin ümumi həcmi 15 milyard 985,7 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (8 milyard 001,2 milyon manat) 199,8 % səviyyəsində icra edilib.
2021-ci il ərzində ARDNF-in büdcə xərcləri 11 milyard 382,7 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (12 milyard 249,4 milyon manat) 92,9 % səviyyəsində icra olunub.
Hesabata əsasən, Neft Fondunun 2021-ci ilin büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 40 ABŞ dolları nəzərdə tutulduğu halda 2021-ci il ərzində xalis mədaxil qiyməti 65,4 ABŞ dolları təşkil edib".
"Xam neftin orta illik xalis mədaxil qiymətinin Fondun büdcəsində nəzərdə tutulmuş illik qiymətə nisbətdə 63,5 % artıq olması, vəsaitlərin idarəedilməsindən gəlirləri proqnoza nisbətdə 332,7 % çox icra edilməsi, eyni zamanda Fondun hesabat ilində büdcədənkənar xərclərinin olması, büdcə xərclərinin isə 7 % az icrası nəticəsində Fondun valyuta ehtiyatlarının ilin əvvəli ilə müqayisədə artmasına şərait yaradıb.
2021-ci il üzrə neftin qiymətinin proqnoza nisbətdə 25,4 ABŞ dolları artıq olması ilə bağlı mənfəət nefti və qazın satışından əlavə olaraq 3 milyard 208,9 milyon ABŞ dolları daxil olub, eyni zamanda Fondun valyuta aktivlərinin idarə edilməsindən proqnoza qarşı əlavə olaraq 1 milyard 486,9 8 milyon ABŞ dolları məbləğində vəsait daxil olub ki, bu da Fondun büdcəsinin profisitlər icrasına və aktivlərin həcmində artıma səbəb olub. Belə ki, 2021-ci ilin 31 dekabr tarixinə Fondun aktivləri ABŞ dolları ifadəsi ilə ilin əvvəlinə nisbətən 1 milyard 460,8 milyon ABŞ dolları və yaxud 3,4 %-ə qədər artaraq 45 milyard 025,1 milyon ABŞ dolları (75 milyard 972,3 milyon manat) təşkil edib", - deyə sənəddə qeyd olunub.