Ötən il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin hesabatlılıq parametrlərində natamamlıqlar mövcud olub, dövlət büdcəsindən qaytarılan artıqödəmələr üzrə göstəricilərin yalnız vergi orqanlarının hesabatlarında əks etdirilməsi, qaytarılmış vəsaitlər üzrə bütün mənzərəni müşahidə etməyə imkan verməyib.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.
“Əvvəlki illərin təcrübəsinə uyğun qaydada 2020-ci ilin dövlət büdcəsinin hesabatlılığına qanunvericiliklə müəyyən edilmiş meyarlar çərçivəsində dövlət büdcəsindən qaytarılmış artıqödəmələrin məbləğləri barədə hər-hansı məlumatlar daxil edilməyib. Məlum olduğu kimi, artıqödəmələr üzrə vəsaitlərin büdcədən qaytarılması prosesində bir neçə mərkəzi icra hakimiyyətinin qanunvericiliklə müəyyən edilmiş inzibatçılıq səlahiyyətləri mövcuddur. Dövlət büdcəsindən qaytarılan artıqödəmələr üzrə müvafiq göstəricilər isə yalnız vergi orqanlarının hesabatlarında əks etdirilir ki, bu da qaytarılmış vəsaitlər üzrə bütün mənzərəni müşahidə etməyə imkan vermir.
Eyni zamanda, 2019-cu hesabat ili əhatə olunmaqla keçirilən nəzarət tədbiri ilə vergi və digər artıqödəmələrin dövlət büdcəsindən qaytarılması sahəsində bir sıra çatışmazlıqlar, o cümlədən inzibatçılıqda yubanmalara yol verilməsi səbəbindən artıq ödəmələrin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış faizlərin də ödənilməsi nəticəsində əlavə büdcə xərclərinə yol verilməsi, vergi orqanının rəyləri əsasında artıqödəmələr üzrə qaytarılmış məbləğlərin gömrük orqanlarının xətti ilə yığılan gəlirlərin azaldılmasına aid edilməsi, qaytarılmış məbləğlərin tərkibində kifayət qədər iri məbləğlərin də olmasına baxmayaraq növbədənkənar səyyar vergi yoxlamasının aparılması səlahiyyətindən istifadə olunmaması, xarici ölkələrdəki diplomatik nümayəndəliklərin akkreditə olunduqları ölkələrdə çəkilmiş xərcləri (əməyin ödənişi xərcləri istisna olmaqla) müqabilində əlavə dəyər vergisinin qaytarılmasına nail olunma əmsalının kifayət qədər aşağı səviyyədə olması, qanunvericiliklə əlavə dəyər vergisi üzrə artıqödəmələrin qaytarılması sahəsini tənzimləyən ölkələr arası ikitərəfli qarşılıqlı prinsiplər gözlənilmədən bir sıra (vergitutma sistemində “əlavə dəyər vergisi” adında (məzmunda) verginin mövcud olmadığı) ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən səfirliklərinə əlavə dəyər vergisinin birtərəfli qaydada qaytarılmasına (bütün mallara və xidmətlərə görə sıfır (0) dərəcə ilə tətbiqinə) əsas verən bildirişlərin verilməsi halları müəyyən olunub”, - rəydə qeyd olunub.