Hesablama Palatası: Büdcə-vergi siyasətinə dair praktik işlər yekunlaşmayıb

Hesablama Palatası: Büdcə-vergi siyasətinə dair praktik işlər yekunlaşmayıb Bu barədə qurumun “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir
Maliyyə
25 May , 2021 10:28
Hesablama Palatası: Büdcə-vergi siyasətinə dair praktik işlər yekunlaşmayıb

Əvvəlki illərdə olduğu kimi, ötən il də Azərbaycanda büdcə-vergi siyasəti üzrə konkret hədəflər, kəmiyyət göstəriciləri deyil, ümumi istiqamətlər müəyyənləşdirilməsi səbəbindən fəaliyyətin nəticəliliyinin ölçülməsi mümkünsüz olub, eləcə də 2019-cu ilin büdcə-vergi siyasətinin tərkib hissəsi kimi qeyd edilmiş bəzi istiqamətlər ilə bağlı praktiki işlər hal-hazıradək yekunlaşdırılmayıb.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.

“2020-ci ilin faktiki nəticələri üzrə büdcə parametrlərində bir sıra müsbət meyillər, o cümlədən əvvəlki illərə nisbətən dövlət büdcəsinin istər ümumilikdə, istərsə də vergi orqanlarının xətti ilə qeyri-neft gəlirlərinin artması və könüllü bəyanetmə səviyyəsinin yüksəlməsi müşahidə olunub ki, bu da büdcə-vergi siyasətinin tərkibində gəlir siyasəti üzrə qabaqcadan nəzərdə tutulmuş hədəflərə əsasən nail olunduğunu deməyə əsas verir.

Digər tərəfdən isə 2020-ci il üçün büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlər konkret hədəflər və kəmiyyət göstəriciləri kimi deyil əvvəlki illərin təcrübəsinə uyğun ümumi istiqamətlər kimi müəyyənləşdirilib ki, bu isə həmin istiqamətlər üzrə fəaliyyətin (inzibatçılığın) hesabat ili ərzində nə dərəcədə səmərəli təşkil olunması səviyyəsinin (yəni, hədəflərə hesabat ili üzrə hansı səviyyədə nail olunmasının) qiymətləndirilməsini mümkünsüz edir.

Eyni zamanda, 2019-cu ilin büdcə-vergi siyasətinin tərkib hissəsi kimi qeyd edilmiş aksizli və məcburi nişanlanmalı malların idxalı, ölkədaxili istehsalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin həyata keçirilməsi məqsədilə Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat sisteminin, eyni zamanda vergi və gömrük sahəsində qüvvədə olan və təklif olunan güzəştlərə və azadolmalara dair mərkəzləşdirilmiş reyestrin aparılması, həmin güzəştlərin dövlət büdcəsinə, sahibkarlıq fəaliyyətinə və əhalinin sosial müdafiəsinə təsiri baxımından səmərəliliyinin qiymətləndirilməsi sisteminin tətbiq olunması ilə bağlı praktiki işlər indiyə qədər yekunlaşdırılmayıb”, - rəydə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi