Hesablama Palatası Ali Audit İnstitutlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Maliyyə Auditi və Mühasibatlıq üzrə Alt-komitəsinə müşahidəçi qismində qəbul edilib.
Bu barədə "Report"a Palatadan bildirilib.
INTOSAI-ın Maliyyə Auditi və Mühasibatlıq üzrə Alt-komitəsi ilk dəfə 2002-ci ildə maliyyə auditi təlimatlarının hazırlanması üçün Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) ilə əməkdaşlığın yaradılması məqsədi ilə İşçi Qrup kimi fəaliyyətə başlayıb, 2005-ci ildən etibarən Maliyyə Auditi üzrə Alt-komitə olub. 2016-cı ildə INTOSAI-ın Mühasibatlıq və Hesabatlılıq üzrə Alt-komitəsi ilə birləşən alt-komitə hazırda Maliyyə Auditi və Hesabatlılıq üzrə Alt-komitə adlanır.
Alt-komitənin qəbul edilmiş qaydalarına əsasən, tam üzvlərin sayı 15 AAQ olaraq müəyyən edilib və tam və ya müşahidəçi qismində yeni üzvlərin qəbul edilməsi zamanı qurumun maliyyə auditi sahəsində geniş təcrübəsi əsasında alt-komitəyə mühüm töhfələr verməsi nəzərə alınır. Bununla belə, Beynəlxalq Audit və Əminlik Standartları Şurası (IAASB), Beynəlxalq Dövlət Sektoru Mühasibatlıq Standartları Şurası (IPSASB), INTOSAI İnkişaf Təşəbbüsü (IDI) kimi nüfuzlu beynəlxalq təşkilatlarla yanaşı, yalnız İrlandiya, Latviya və Azərbaycan AAQ-ları qurumda müşahidəçi qismində çıxış edir. Quruma BƏƏ-nin Dövlət Audit Qurumu sədrlik edir.
Hesablama Palatası yeni üzv qismində 10 mart 2022-ci il tarixində Beynəlxalq Audit və Əminlik Standartları Şurası ilə yeni standartın hazırlanması üzrə müzakirəyə qoşulacaq.