Azərbaycanda dövlət vəsaitləri üzərində hesabatlılığın tam təmin edilməsi, maliyyə inzibatçılığının gücləndirilməsi, həmçinin “Hesablama Palatası haqqında” qanunun tələblərinin icrasına şərait yaradılması məqsədilə büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası, dövlət büdcəsində olduğu kimi, qanunla təsdiq edilməli, həmçinin bu fondların layihələrinin Milli Məclisə təqdim və təsdiq edilməsi prosesi üzrə normalar müəyyən olunmalıdır.
“Report” xəbər verir ki, bunu Hesablama Palatası “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi” haqqında qanun layihəsinə verdiyi rəydə tövsiyə edib.
Qurum həmçinin
- Fondun gəlirlərinin formalaşması üzrə fəaliyyətin optimallılığının təmin edilməsi baxımından “Sosial sığorta haqqında” qanunun 12-ci maddəsində qeyd edilən ödənişlərin işsizlikdən sığortaya cəlb edilməsi və ya azad edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsini;
- Gələcək dövrlərdə məcburi dövlət sosial sığortasında olduğu kimi işsizlikdən sığortada da “sığorta ehtiyatı”nın formalaşdırılması və həmin ehtiyatdan səmərəli istifadənin təmin edilməsi üzrə fəaliyyətin həyata keçirilməsini;
- Fondun dövlət büdcəsindən maliyyələşən təşkilatlar və digər sığortaedənlər üzrə gəlirləri istisna olmaqla qalan bütün gəlirlərinin sair gəlirlərdə birləşdirildiyini nəzərə alaraq şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə sair gəlirlər barədə məlumatların qanunvericiliklə müəyyən edilmiş istiqamətlər üzrə ayrı-ayrılıqda verilməsini;
- Aktiv məşğulluq tədbirlərinə, xüsusilə də özünüməşğulluq tədbirlərinə ayrılan vəsaitdən səmərəli istifadə olunması, bütövlükdə işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində mövcud maliyyə imkanlarından tam istifadə olunması üçün bu sahədə fəaliyyətin gücləndirilməsini tövsiyyə edib.
Rəy Hesablama Palatası Kollegiyasının 22 dekabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilib.