Ötən il Azərbaycan iqtisadiyyatının azalmasının təxminən 62%-i neft sektorundan formalaşıb, bu sektorda azalma neft hasilatının ixtisarı ilə bağlı olmuş, hasilat həcminin, eləcə də neftin qiymətinin proqnozla müqayisədə az olması Dövlət Neft Fondundan (ARDNF) transfertlər nəzərə alınmadan dövlət büdcəsinin neft gəlirlərinə də təsir edib.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.
“ÜDM-in neft üzrə tərkibinə əsasən, azalma həm neft sektoru, həm də qeyri-neft sektoru üzrə qeydə alınıb, lakin neft sektorunun daha sürətlə azalması iqtisadi azalmaya daha çox təkan verib. Tərəfimizdən aparılan hesablamalara görə, ölkə iqtisadiyyatının azalmasının təxminən 62%-i neft sektorundan formalaşıb. Ümumiyyətlə, son 10 ildə neft sektorunun ÜDM-in artımına dəstəyi nəzərəçarpacaq həcmdə zəifləyib və sözügedən sahənin əvvəlki illərdə olan dominant mövqeyi qeyri-neft sektoruna keçib.
Hesabat ilində 7% azalmış neft sektorunda 21 639,7 milyon manatlıq əlavə dəyər yaradılıb və proqnozlaşdırılan rəqəmdən 7 083 milyon manat az olub. Proqnoz və fakt göstəriciləri arasında əhəmiyyətli fərqin yaranması il ərzində neftin qiymətinin aşağı qiymətlər ətrafında tərəddüdləri və antirekord səviyyələrədək ucuzlaşması ilə əlaqədar olub. Neft ÜDM-nin real dəyişməsi üzrə sözügedən fərqin 8,6 faiz bəndinə bərabər olması neft hasilatının ixtisarı ilə bağlı “OPEC+” razılaşmasında Azərbaycan tərəfinin öz öhdəliyini yerinə yetirməsi ilə izah olunur. Belə ki, OPEC təşkilatının aylıq bülletenlərində təqdim olunan məlumatlara əsasən, Azərbaycan tərəfindən hasil edilən neftin həcmində may ayından etibarən azalmalar izlənilib, nəticədə 2020-ci il ərzində hasilatda 0,1 mln. barel/gün ixtisar qeydə alınıb. Həmçinin, Dövlət Statistika Komitəsinin neft və qaz hasilatına dair illik məlumatlarına istinadən, 2020-ci ildə neft hasilatı əvvəlki ilə nisbətən 8% azalıb.
Hasilat həcminin, eləcə də neftin qiymətinin “Büdcə zərfi”ndə təqdim edilən ilkin proqnozlarla müqayisədə aşağı olması ilkin təyinata nisbətən icra göstəricilərinin 80% ətrafında qeydə alınması ilə nəticələnib. 2020-ci il dövlət büdcəsinin gəlirlərində vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar 1 802,1 milyon manat təşkil edib ki, bu da ilkin proqnozla müqayisədə 82,7% icra deməkdir”, - deyə Rəydə qeyd olunub.