Hindistanın Nazirlər Kabineti Hindistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAI) ilə Azərbaycanın Auditorlar Palatası arasında anlaşma memorandumunun imzalanmasını təsdiqləyib.
Bu barədə Report"a Hindistanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Hindistanın İmtiyazlı Mühasiblər İnstitutunun yaydığı məlumata görə, memorandumun imzalanması üzvlərlə iş, peşə etikası, texniki araşdırmalar, davamlı peşə inkişafı, peşəkar mühasibatlıq təhsili, auditin keyfiyyətinin monitorinqi, mühasibat biliklərinin inkişafı, peşəkar və intellektual inkişaf sahələrində qarşılıqlı əməkdaşlığın qurulmasına kömək edəcək.
“Bu anlaşma memorandumu mühasibatlıq sahəsində yeni innovativ metod və texnologiyaların tətbiqi də daxil olmaqla, bilik mübadiləsinə və ən yaxşı təcrübələrin möhkəmləndirilməsinə gətirib çıxaracaq”, - məlumatda bildirilib.
Bu anlaşma memorandumu ilə Hindistanın İmtiyazlı Mühasiblər İnstitutu mühasib peşəsi üzrə xidmətlərin ixracını təmin edərək Azərbaycanla tərəfdaşlığı gücləndirə biləcək.