Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanı qlobal dayanıqlı su infrastrukturu proqramına daxil edib.
"Report" xəbər verir ki, bunu İFC-nin Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.
“Dünyada su problemi dərinləşir və Azərbaycan bu prosesdən kənarda deyil. Ölkədə artıq su qıtlığı hiss olunur, havaların qeyri-sabit olması isə vəziyyəti daha da pisləşdirir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu innovativ güzəştli maliyyə həlli, dünyanın ən böyük iqlim fondu olan Yaşıl İqlim Fondu ilə proqram xarakterli əməkdaşlıq çərçivəsində həyata keçirilir.
"Proqram su və iqlim əlaqəsinin artan əhəmiyyətini vurğulayaraq, su və kanalizasiya layihələrinin işləkliyini və əlverişli maliyyələşdirmə imkanlarını dəstəkləyəcək. Bu təşəbbüs Azərbaycanın su və tullantı suları sektoruna özəl investisiyalar üçün güzəştli maliyyəyə çıxışını təmin edəcək, həmçinin su və kanalizasiya layihələri üçün dövlət-özəl tərəfdaşlığı modelinin strukturlaşdırılmasında qrant maliyyəsi ilə dəstək olacaq", - A. Əzimova əlavə edib.