İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2020-ci ili 7,228 milyon manat mənfəətlə başa vurub.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2,6 dəfə azdır.
Ötən il İKZF-nın faiz gəlirləri 41,486 milyon manat (əvvəlki illə müqayisədə 7,7% az), faiz xərcləri 21,196 milyon manat (12,6% çox), gözlənilən kredit zərəri 4,77 milyon manat (12,7 dəfə çox), haqq və komissiya gəlirləri 865 min manat (2,4 dəfə çox), haqq və komissiya xərcləri 1,168 milyon manat (2,8% çox), digər gəlirləri 969 min manat (4,2% çox), insan resursları üzrə xərclər 4,916 milyon manat (9,4% çox), inzibati və digər xərcləri isə 4,042 milyon manat (48,3% çox) təşkil edib. Fond mənfəət vergisi ödəməyib.
Bu il yanvar ayının 1-nə İKZF-nın aktivləri 1 780,882 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 26,6% çoxdur. Bunun 1 137,759 milyon manatı müştərilərə verilmiş ipoteka kreditləridir. 2020-ci ildə Fondun kredit portfeli 14% böyüyüb.
Hesabat dövründə İKZF-nın öhdəlikləri 27,3% artaraq 960,819 milyon manata, o cümlədən buraxdığı qiymətli kağızların dəyəri 28,5% artaraq 938,387 milyon manata, balans kapitalı isə 25,8% artaraq 820,062 milyon manata, o cümlədən nizamnamə kapitalı 12,5% artaraq 637 milyon manata çatıb.
Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.