Son 2 ayda dünyada investorların kriptovalyutaya marağının sürətlə artması bu bazarın ümumi dəyərinin 2 trilyon ABŞ dollarını keçməsi ilə nəticələnib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Kriptovalyuta bazarını təhlil edən “CoinGecko” platformasının məlumatına görə, hazırda 6,6 mindən çox kriptovalyuta arasında ən populyarı "Bitcoin"dir ki, onun da kapitallaşması 1 trilyon dollardan çoxdur. Növbəti pillələrdə qərarlaşmış “Ether”, “Binance Coin”, “Polkadot”, “Tether” ve “Cardano”nun bazar dəyəri isə ümumilikdə 422 milyard dollardır.
Qeyd edək ki, kriptovalyutalara marağın artması lternativ maliyyə alətlərinin aşağı gəlirliliyə malik olduğu şəraitdə baş verir. Bu da əsasən "Bitcoin"in xeyrinə işləyir. Məsələn, valyuta ehtiyatlarının 1 milyard dollarlıq hissəsini “Bitcoin”də saxlamağa qərar vermiş ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkəti həmçinin bəyan edib ki, bundan başqa istehsal etdiyi avtomobilləri sözügedən kriptovalyuta ilə satacaq. ABŞ-ın ən böyük investisiya banklarından sayılan “Morgan Stanley” isə ən zəngin müştərilərinə portfellərinə kriptovalyuta əlavə etməyə icazə verib. "Mastercard" və "PayPal" kimi ödəniş sistemləri də “Bitcoin”lə bağlı addımlar atıblar.