Hesablama Palatasının audit yoxlaması nəticəsində Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində dövlət vəsaitlərinin istifadəsi və idarə olunması ilə bağlı ciddi nöqsanlar aşkar edilib.
“Report” xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən Kollegiya iclasında müvafiq qərar qəbul edilib.
Məlumatda göstərilir ki, Agentliyin funksional fəaliyyətini yetərli tənzimləyən hüquqi aktların olmaması, tabeliyində olmayan qurumlara vəsaitlərin xərclənməsi, sığorta fondunun digər məqsədlərə yönəldilməsi kimi pozuntular qeydə alınıb. Həmçinin, dövlət əmlakının səlahiyyətsiz istifadəsi, tibbi sığorta vəsaitləri hesabına əsas fondların alınması və ya investisiyalar hesabına tikintilərin maliyyələşdirilməsi ilə formalaşan aktivlərin başqa qurumların balansına verilməsi halları müəyyən olunub.
Bundan əlavə, tibbi-iqtisadi ekspertiza üçün təyin edilmiş tələblərə uyğun olmayan işçilərin vəzifəyə gətirilməsi, tibbi-iqtisadi ekspertizaların düzgün aparılmaması və tibbi xidmətlərə dəyərindən artıq vəsait ödənilməsi, həmçinin bir sıra hüquq pozuntuları - donor saylarının artıq göstərilərək artıq vəsaitin alındığı, hesabat təqdim olunmadan vəsaitlərin köçürülməsi, tibbi avadanlıq və məhsulların tibbi sığorta fondlarından maliyyələşdirilməsi, vergi öhdəliklərinin vaxtında yerinə yetirilməməsi və əmək haqqı hesablaşmalarında artıq ödənişlər kimi qanun pozuntuları da aşkarlanıb.