“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi 9 fəsil və 68 maddədən ibarətdir, dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minəcək.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
"Bazar iştirakçılar qanun qüvvəyə minəndən sonra 6 ay ərzində öz fəaliyyətlərini bu qanunun tələblərinə uyğunlaşdırmalıdır. Layihə ödəniş xidmətlərinin növlərini, bu xidmətlərin göstərilməsi zamanı ödəniş xidməti təchizatçılarının hüquq və vəzifələrini, ödəniş təşkilatları, elektron pul təşkilatları və ödəniş sistemi operatorlarının yaradılması və fəaliyyətlərinin iqtisadi, hüquqi və təşkilati əsaslarını, bu təşkilatlar üzərində həyata keçirilən dövlət tənzimlənməsi və nəzarətinin əsas aspektlərini, habelə ödəniş sistemlərinin təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi üzrə tələbləri müəyyən edir.
Layihənin hazırlanması zamanı Avropa Parlamenti və Avropa Şurasının qəbul etdiyi "Daxili bazarda ödəniş xidmətləri” və “Elektron pul təşkilatlarının fəaliyyətinin təşkil edilməsi və prudensial nəzarət haqqında” adlı direktivlər, qabaqcıl ölkələrin ödəniş sistemləri sahəsində təcrübəsi əsas götürülüb. Layihənin hazırlanmasına texniki ekspertiza çərçivəsində Dünya Bankının, habelə Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləri cəlb olunublar. Beynəlxalq təcrübənin təhlili məqsədilə qabaqcıl Avropa ölkələri ilə yanaşı, Gürcüstan, Türkiyə kimi yaxın qonşu ölkələrin təcrübələri də yaxından araşdırılıb", - deyə o qeyd edib.