Hesablama Palatası tərəfindən 2012-2021-ci illər üzrə aparılmış təhlilə əsasən Azərbaycanda pandemiya şərtlərinin hökm sürdüyü 2020-ci il istisna olmaqla, digər illərdə dövlət büdcəsinin qeyri-neft gəlirləri müdafiə olunan xərclərdən çox olub.
Bu barədə "Report"a Palatadan bildirilib.
2021-ci ildə müdafiə olunan xərclərin qeyri-neft gəlirləri hesabına təmin olunma səviyyəsi 107,8 % təşkil edib ki, bu da 2020-ci ilin müvafiq göstəricisindən 10,6 faiz bəndi çoxdur.
Ötən il 2020-ci illə müqayisədə cari xərclərin cəmi dövlət büdcəsi xərclərində payı azalıb və cari xərclərin qeyri-neft sektoru hesabına maliyyələşdirilməsi üzrə müsbət meyillər izlənilib. Hesabat ilində cari xərclərin qeyri-neft gəlirləri ilə təmin olunma səviyyəsi 2020-ci illə müqayisədə artıb, 2017-ci ildən sonra ilk dəfə olaraq qeyri-neft ÜDM-nin nominal artım tempi cari xərclərin dəyişimini üstələyib.
Ümumiyyətlə, dövlət büdcəsində proqramlılığın bir neçə istiqamət (Dövlət İnvestisiya Proqramı, Ortamüddətli xərclər çərçivəsi və ayrı-ayrı sahələr) üzrə müəyyən edilməsi və bu işin fərqli qurumlar tərəfindən tənzimlənməsi həmin istiqamətdə fəaliyyətin sinxronlaşdırılması və tamamlanması zərurətini ortaya qoyur.