Əfqanıstandakı vəziyyətin fonunda qızılın 1 unsiyasının qiyməti yenidən 1 800 ABŞ dolları səviyyəsinə qayıdıb. Treyderlər həmçinin ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauelin iqtisadiyyatın stimullaşdırılması tədbirləri haqqında çıxışını narahatlıqla gözləyirlər.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08.53-ə olan məlumata görə, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,38 %, yaxud 6,85 ABŞ dolları bahalaşaraq, 1 troy unsiyası 1 802,05 ABŞ dollarına çatıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti 0,35 % bahalaşaraq, 1 unsiyası 23,633 ABŞ dolları təşkil edib.
Dünən Əfqanıstan paytaxtının hava limanında baş vermiş terror aktları onlarla insanın, o cümlədən ABŞ hərbçilərinin ölümünə səbəb olub. Analitiklərin fikrincə, xarici siyasət üzrə risklər qızılın bahalaşmasına təsir göstərir.
Pauelin bugünkü çıxışı ABŞ dollarının məzənnəsinə təsir göstərə bilər. Bu isə qızılın qiymətində əks oluna bilər. Belə ki, ABŞ dollarının baha olması qızılın başqa valyutada alış imkanlarını azaldır, ucuz olması isə əksinə, bu imkanları çoxaldır.