2020-ci ildə koronavirus (COVID-19) pandemiyasının təsiri ilə qlobal borcun məbləği 24,1 trilyon ABŞ dolları və yaxud 9,4% artaraq bu il yanvarın 1-nə 281,5 trilyon dollar olub.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) "Qlobal Borc Monitoru" hesabatında bildirilir.
Sənədə əsasən, illik artım 61 ölkəni əhatə edib və son 10 ildə qlobal borcun məbləğində qeydə alınmış 88 trilyon dollarlıq artımın ¼-dən çoxdur.
Ötən il qlobal borcun dünya üzrə ümumi daxili məhsulun (ÜDM) dəyərinə nisbəti isə 35 faiz bəndi artaraq 355%-i ötüb. Bu il isə sözügedən dinamikanın bir qədər səngiyəcəyi gözlənilir.
Hesabat tarixində qlobal borcun 82,3 trilyon dolları dövlətlərin, 80,6 trilyon dolları qeyri-maliyyə şirkətlərinin,67,5 trilyon dolları maliyyə şirkətlərinin, 51,1 trilyon dolları isə ev təsərüüfatlarının, payına düşüb.
Bundan başqa, inkişaf etmiş ölkələr qlobal borcda 203,7 trilyon dollar (11,4% çox), inkişaf etməkdə olan ölkələr isə 77,7 trilyon dollar (4,2% çox) paya malik olub.