"Rabitəbank" ASC 2020-ci ili 2,18 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank 2019-cu ildən 11,119 milyon manat mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il "Rabitəbank"ın gəlirləri 60,126 milyon manat (illik müqayisədə 15,6% çox), xərcləri 42,102 milyon manat (3,8% çox), xüsusi ehtiyatlara ayırmaları 15,71 milyon manat (46,9 dəfə çox), mənfəət vergisi ödəmələri isə 134 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.
Bu il yanvarın 1-nə "Rabitəbank"ın aktivləri 830,916 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,3% çoxdur. Bunun 400,175 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 13,4% böyüyüb.
Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 14,7% artaraq 732,201 milyon manata, o cümlədən depozit portfeli 9% artaraq 546,172 milyon manata çatıb, balans kapitalı isə 2,6% azalaraq 98,715 milyon manata düşüb.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 11,48%-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11%-i Dilarə Nuriyevaya, 7,6%-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07%-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14%-i isə 12 hüquqi şəxsə məxsusdur.