“S & P Global Ratings” Beynəlxalq Agentliyi Azərbaycanın reytinqlərinə dair proqnozunu “mənfi”dən “sabit”ədək artırıb, eyni zamanda, xarici, yerli valyutada olan uzun və qısamüddətli suveren kredit reytinqlərini “BB+ / B” səviyyəsində saxlayıb.
“Report” xəbər verir ki, agentliyin hesabatına görə, proqnozlarda Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış birgə bəyanatın həyata keçiriləcəyinə, bununla da təhlükəsizlik, maliyyə sektoru, tədiyyə balansı ilə bağlı risqlərinin azalacağına dair gözləntilər əks olunur.
Bundan əlavə, qarşıdakı 12 ay ərzində iqtisadiyyatın dirçəlməsi və karbohidrogenlərin nisbətən bahalaşması nəticəsində Azərbaycanın maliyyə və beynəlxalq mövqelərinin əhəmiyyətli dərəcədə pisləşməyəcəyi qənaəti də bu proqnozlarda ifadəsini tapıb.
Hesabata əsasən, ölkə reytinqinin daha da artırılması üçün xarici ticarət balansının profisiti gözləntilərdən artıq olması, yaxud ölkədə pul-kredit siyasətini daha səmərəli hala gətirmək, bank sektorunu gücləndirmək üçün hökumətin bir sıra struktur islahatları həyata keçirməsi zəruridir.
Hesabatda deyilir: “Ermənistanla münaqişə üzündən Azərbaycanın kredit zərfi üçün əhəmiyyətli maliyyə və iqtisadi risqlər çıxacağını gözləmirik. Geosiyasi qeyri-müəyyənliyin artmasına baxmayaraq, əhali öz əmanətlərini nə xarici valyutaya çevirdi, nə də banklardan çəkib götürdü. COVID-19 üzündən karbohidrogenlərin ucuzlaşmasına və iqtisadiyyatın tənəzzülünə baxmayaraq, “BB” dərəcəsində qiymətləndirdiyimiz dövlətlər arasında Azərbaycan büdcə və xarici fond mövqeləri baxımdan ən güclülər arasında qalır. 2021-2024-cü illərdə ÜDM-nin 74 faizi səviyyəsində dəyərləndirdiyimiz iri dövlət likvidlik aktivləri bundan sonra da ölkəni iqtisadi və maliyyə sarsıntılarından qoruyacaq. Neftin qiyməti və hasilatına dair ehtimallarımıza, həmçinin Azərbaycanın OPEC+ çərçivəsində hasilatın ixtisarına dair razılaşmada iştirak etməsinə əsaslanaraq həm xarici, həm də daxili büdcə mədaxilinin artacağını güman edirik. Dağlıq Qarabağda işğaldan azad edilmiş ərazilərin bərpasına dair hökumətin gördüyü tədbirlərin də idxalat hesabına vergi və xarici maliyyə axınlarına təsirinin əhəmiyyətli olmayacağı qənaətindəyik”.