Bu gün "Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə Dövlət Neft Şirkətinin (SOCAR) ümumi dəyəri 100 milyon ABŞ dolları olan istiqrazları əsas bazar seqmentində listinqə daxil edilib.
"Report" xəbər verir ki, bu barədə BFB məlumat yayıb.
Məlumata görə, istiqrazlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Proses 20 sentyabrdan 29 oktyabra qədər davam edəcək. Yerləşdirmənin tarixi azı 2 iş günü qalmış BFB-nin internet səhifəsində açıqlanacaq.
Xatırladaq ki, SOCAR-ın ölkə daxilində ilk istiqrazlarının tədavül müddəti bu ilin oktyabr ayında başa çatır. Odur ki, şirkət daha 100 milyon ABŞ dolları məbləğində istiqraz buraxmağı planlaşdırır. Söhbət 2016-cı ildə reallaşdırılmış ilk emissiyada olduğu kimi, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd istiqrazdan gedir. İstiqrazlar kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC-də yerləşdiriləcək. Amma onların illik gəlirliliyi indi dövriyyədə olan istiqrazlarla müqayisədə 0,5 faiz bəndi az – 4,5% təşkil edəcək.
Qiymətli kağızlar yenə də 5 il müddətində dövriyyədə olacaq, faizlər isə rüblük ödəniləcək. Prosesin anderrayteri “PSG Kapital İnvestisiya Şirkəti” QSC olacaq.
İstiqrazları həm ölkə vətəndaşları, həm də Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər ala bilər. Satışlarda üstünlük ilk növbədə fiziki şəxslərə veriləcək (xarici fiziki və hüquqi şəxslər də təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər.)
SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkün olacaq.