Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının sahiblərinin hesablarına bu gün 1 milyon 125 min ABŞ dolları dəyərində növbəti kupon ödənişi köçürülüb.
“Report”un “SOCAR Capital” şirkətinə istinadən verdiyi məlumata görə, nominal qiyməti 1 000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5 % olan SOCAR istiqrazları üzrə kupon gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR istiqrazlarının 1 milyon 125 min ABŞ dolları dəyərində növbəti kupon ödənişi 1 fevral tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.
Yerli fond bazarında ən çox müraciət olunan qiymətli kağıza çevrilən SOCAR istiqrazları, 2023-cü ilin 1-ci, ümumilikdə isə 5-ci faiz ödənişi olub. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 5 milyon 625 min ABŞ dollarına yüksəlib.
Tədavülə buraxıldığı son 15 ay ərzində təkrar bazar əməliyyatları həcminin 31 milyon ABŞ dollarına çatması, bağlanmış əqd sayının 380-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruması və alqı–satqı əməliyyatlarının daim nominal qiymətin üzərində olması SOCAR İstiqrazlarına yüksək tələbatın göstəricisidir.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının növbəti faiz ödənişi 2023-cü ilin mayın 1-də baş tutacaq.
Xatırladaq ki, 5 illik tədavül müdddətinin sonunda investorlara cəmi ödəniləcək qazanc məbləği 22,5 milyon ABŞ dolları təşkil edəcək.