Azərbaycanda baza ssenari üzrə dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 70 ABŞ dollarından götürülməsi reallığa çox yaxındır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar da 2025-ci ildə neft qiymətləri üzrə proqnozu 70-80 ABŞ dolları arasında verib: "Maliyyə Nazirliyinin təqdimatına görə, qiymət 60 ABŞ dollarına düşdüyü halda büdcənin neft-qaz gəlirləri 340 milyon manat azalacaq. Hesab edirəm ki, bu halda belə hökumətin riski idarə etmək imkanı olacaq", - deyə o qeyd edib.
"Qaz qiymətlərinə gəlincə, hesab edirəm ki, baza ssenaridə göstərilən 242 ABŞ dollarından çox olacaq. Bu fərq həm də neft qiymətlərinin volatilliyini kompensasiya edə biləcək. Avropa İttifaqı və Çin iqtisadiyyatında baş verən hadisələr qaza olan tələbatın artacağını deməyə imkan verir. Həm də nəzərə alsaq ki, dünyanın "yaşıl enerji" gündəliyində qaz “keçid yanacaq” kimi qəbul edilir, o zaman, "yaşıl gündəlik"də belə qaza tələbat artacaq", - deyə deputat əlavə edib.