Azərbaycanda inflyasiyanın hədəflənməsi siyasətinin gücləndirilməsi üçün alətlərin zənginləşdirilməsi vacibdir.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
"Tədiyə balansının cari əməliyyatlar hesabında profisitin artmasını, manatın məzənnəsinə olan təzyiqlərin neytrallaşmasını təqdirə layiq hal hesab edirik. Amma eyni zamanda, hesabat ilində inflyasiyanın illik səviyyəsinin yüksəlməsi narahatedicidir.
Qlobal ərzaq qiymətlərində artım tendensiyasının davam etməsi, bu sahədə həm də qıtlığın olacağı ehtimallarının artması müəyyən müddət üçün həyati vacib məhsulların qiymətlərinə və ya mənfəət normasına müvafiq dövlət nəzarətinin tətbiqini qaçılmaz edə bilər. Xatırladım ki, bu cür alətlər "Antiinhisar fəaliyyəti haqqında" qanunda və dünya təcrübəsində mövcuddur", - T. Mirkişili bildirib.
Bununla yanaşı millət vəkili qeyd edib ki, maliyyə-büdcə sisteminin təkmilləşməsi sahəsində görülən işlər, nəticə əsaslı büdcə sisteminə keçid ilə bağlı görülən işləri müsbət dəyərləndirilir, amma bu sahədə daha çox işlərin görülə biləcəyinə inanırıq.
Onun sözlərinə görə, Hesablama Palatasının dövlət qurumlarında apardığı auditlərin təhlili göstərir ki, büdcə vəsaitlərinin planlaşdırılması, hədəflərin müəyyən edilməsi, hesabatlılığın artırılması, xərclənmə zamanı şəffaflığın yüksəldilməsi istiqamətində davamlı işlərin görülməsinə ehtiyac vardır: "Eyni zamanda, büdcədən ayrılan dotasiyaların vacib iqtisadi rol oynadığını qəbul edərək, bəzi dotasiyaların xidmətləri təklif edənə deyil, xidmətləri istehlak edənlərə yönəldilməsinin faydalı ola biləcəyini qeyd etmək istərdim".