Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ticarət tərəfdaşlarındakı inflyasiya ölkədə qiymət artımına 6,1 faiz bəndi artırıcı təsir göstərib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Bununla belə, onun sözlərinə görə, 2024-cü ilin ötən dövründə illik inflyasiya hədəf daxilində olub.
"Oktyabrda illik inflyasiya 3,4 % təşkil edib. Apardığımız təhlillər göstərir ki, bu göstərici həm xarici amillərdən, həm də ölkədə həyata keçirilən antiinflyasiya tədbirlərindən təsirlənib. O cümlədən, manatın nominal effektiv məzənnəsinin artması inflyasiya 3,1 faiz bəndi azaldıcı təsir göstərib. Xarici amillərin birbaşa xalis təsiri isə 3 faiz bəndi artırıcı olub. Bu ilin sonuna illik inflyasiyanın 5,1 % olacağını gözləyirik. İyul proqnozumuz 5,4 % olmuşdu. İnflyasiya proqnozundakı dəyişiklik ticarət tərəfdaşlarımızdakı inflyasiyanın daha aşağı olacağı ilə bağlıdır", - deyə sədr qeyd edib.