Türkiyənin sığorta mütəxəssisləri Azərbaycanda təlim keçəcək

Türkiyənin sığorta mütəxəssisləri Azərbaycanda təlim keçəcək Hər bir mərhələnin təlim məzmunu ölkəmizdə aktuar peşəsi üzrə mövcud vəziyyət ətraflı təhlil edilməklə TSEV-lə birlikdə tərtib olunub.
Maliyyə
4 Noyabr , 2020 14:44
Türkiyənin sığorta mütəxəssisləri Azərbaycanda təlim keçəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunun beynəlxalq təcrübəyə uyğun inkişafın məqsədilə həyata keçirdiyi tədbirlərin davamı olaraq Türkiyənin peşəkar sığorta mütəxəssislərinin cəlb edilməsi yolu ilə sığorta sahəsində kadr hazırlığının daha da gücləndirilməsi üçün sistemli və ardıcıl təlimlər proqramı təşkil ediləcək.

Bu barədə "Report"a "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyindən məlumat verilib.

Məlumata görə, bu məqsədlə AMB, Türk Sigorta Enstitüsü Vakfı (TSEV ) və ASA əməkdaşlığa dair razılıq əldə olunub.

Razılığa əsasən bu təlimlər proqramı vasitəsilə aktuar ixtisası da daxil olmaqla prioritet istiqamətlər müəyyən edilərək sığorta sahəsində çalışan kadrların nəzəri bilik və bacarıqlarının artırılması, həmçinin praktiki vərdişlərin inkişaf etdirilməsi qarşıya hədəf kimi qoyulub. Təlimlər sığorta sektoru ilə yanaşı digər qurumlarda çalışan oxşar bilik və bacarıqların tələb olunduğu kadrları, habelə minimum tələblərə cavab verən şəxsləri də əhatə edəcək.

Proqram çərçivəsində həyata keçiriləcək aktuar təlimləri 4 mərhələdən ibarətdir və hər mərhələnin sonunda imtahan təşkil ediləcək. Qeyd edilən aktuar imtahanlarından ikisi sırf həyat sığortası və qeyri - həyat sığortası üzrə praktiki tətbiqləri əhatə edəcək. Həmin iki mərhələ imtahanlarının uğurlu nəticəsi aktuar şəhadətnaməsinin əldə edilməsi üçün təşkil ediləcək aktuar imtahanlarından keçidin minimum şərti olaraq nəzərdə tutulub.

Hər bir mərhələnin təlim məzmunu ölkəmizdə aktuar peşəsi üzrə mövcud vəziyyət ətraflı təhlil edilməklə TSEV-lə birlikdə tərtib olunub.

Təlimləri və müvafiq imtahanları TSEV-in ABŞ, Kanada, Böyük Britaniya, Türkiyə kimi ölkələrdə aktuar üzrə beynəlxalq dərəcələr almış təlimçiləri onlayn formada təşkil edəcək. Təlimin ilk mərhələsinin 2020-ci ilin noyabr ayının ortalarında təşkil edilməsi nəzərdə tutulub.

Ödənişli əsaslarla təşkil ediləcək bu təlim layihəsinin hər mərhələsini müvəffəqiyyətlə bitirən iştirakçıya beynəlxalq dərəcəli sertifikatlar təqdim ediləcək.

Maraqlanan şəxslərdən noyabrın 9-na qədər (012) 492 80 45 nömrəli telefona zəng etməklə iştiraklarını təsdiq etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi