Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin ötən gün baş tutan iclasında uçot dərəcəsi 2 faiz bəndi azaldılaraq 18 %-dən 16 %-ə endirilib. Ötən ayın 23-də tənzimləyici orqan faiz dərəcələrini 19 %-dən 18 %-ə endirmişdi. Son qərardan sonra ilin əvvəlindən 20 % dəyər itirən milli valyuta bir az da ucuzlaşdı və bu ölkədə ABŞ dollarının məzənnəsi tarixi maksimumları yenilədi. Belə ki, bu gün lirə/dollar nisbəti ilk dəfə 9,64-ə çatıb.
TMB-nin faiz qərarını “Report”a şərh edən iqtisadçı-ekspert Elşən Bağırzadə deyib ki, Türkiyənin tənzimləyici orqanı yaxın günlərdə hədəflədiyini əldə edə bilməsə valyuta bazarına müdaxilə üçün daha sərt mexanizmləri işə salmalı olacaq.
Onun sözlərinə görə, bu gün Türkiyədə ciddi təhdidə çevrilən inflyasiyanı cilovlamaq üçün Mərkəzi Bankın əlindəki alətlər çox məhduddur. “Koronavirus pandemiyasının mənfi təsirlərini üzərindən atan dünya iqtisadiyyatı bərpa dövrünü yaşayır. İqtisadi fəallığın kəskin artması fonunda təklif defisiti yaranıb. Bunun nəticəsi olaraq enerji daşıyıcılarının, qida məhsullarının qiyməti artıb, tədarük zəncirində problemlər yaranıb. Qıtlıq inflyasiyanı tətikləyən faktora çevrilib. Ona görə də, dünyanın müxtəlif ölkələrində olduğu kimi Türkiyədə də ciddi bir inflyasiya prosesi gedir".
E. Bağırzadə hesab edir ki, inflyasiyanın qarşısını almaq üçün Mərkəzi Bankın əlində bircə təsirli alət qalıb ki, o da faiz dərəcələridir: "İqtisadi qanunauyğunluğa görə inflyasiya artanda maliyyə axınlarını nəzarətə almaq üçün faiz dərəcələri artırılmalıdır. Türkiyə Mərkəzi Bankı isə inflyasiyanı daimi problem kimi görmür. Əvəzində hesab edir ki, milli valyutanı dəyərsizləşdirməklə ixracı stimullaşdıracaq, bu da cari əməliyyatlar hesabındakı profisiti daha da artıracaq. Sonrakı mərhələdə həmin profisitin inflyasiya ilə mübarizədə əhəmiyyətli olacağı və türk lirəsinin daha çox dəyərdən düşməsinin qarşısını almağa imkan verəcəyi düşünülür".
Türkiyənin cari əməliyyatlar hesabına nəzər salmış olsaq, həqiqətən də müəyyən qədər profisit yarandığını görə bilərik. Yəni valyuta gəlirlərində artım var. Lakin bu birmənalı olaraq yalnış yanaşmadır.
"Bu təkcə mənim şəxsi fikrim deyil, həm də böyük əksər yerli və xarici iqtisadçıların dəstəklədiyi bir mövqedir. Əvvəla inflyasiyanın müvəqqəti olması barədə əlimizdə yetərli qədər əsas yoxdur və onu bu cür vasitələrlə nəzarətə götürmək mümkün olmayacaq. Digər tərəfdən bu Türkiyə iqtisadiyyatının strukturuna zidd olan bir həll yoludur. Belə ki, bu ölkə daha çox ixrac etmək üçün bir o qədər də xammal idxal etməlidir. Lirənin dəyər itirməsi isə idxalı bahalaşdırır. Belə olan halda yerli istehsalın faiz xərclərinin azalması ilə yanaşı, idxal xərcləri də artır. İstehsalçılar əhəmiyyətli dərəcədə idxaldan asılı olduqları üçün öz hesablaşmalarını da dollar üzərindən aparırlar. Bu isə öz növbəsində ucuz lirənin istehsalın artımına təsirlərini minimuma endirir və inflasiyanı əhəmiyyətli dərəcədə tətikləyir. Son zamanlar daxili bazarda ciddi qiymət artırmının müşahidə olunması bunu bir daha təsdiqləmiş olur. Paralel olaraq ölkədə ciddi dollarlaşma prosesi gedir. Bazar subyektləri hesablaşmalarını milli valyutada aparsalar da dolların məzənnəsi ilə uyğunlaşdırılar”, - deyə ekspert bildirib.
E.Bağırzadə diqqətə çəkib ki, baş verənlər Türkiyənin investisiya cazibədarlığını əhəmiyyətli dərəcədə sarsıda bilər.
“Bazar subyektlərinin davranışları böyük ölçüdə gözləntilər üzərində qurulur. Mərkəzi Bankın müstəqilliyinə dair bazar subyektlərində şübhələr olduqda həmin gözləntilər sarsılır. Türkiyə Mərkəzi Bankı isə bu mənada uzun zamandır ki, bazarı narahat edən addımları atmaqdadır. İqtisadi subyektlər tənzimləyicinin iqtisadi tədqiqatlara əsaslanmayan siyasi qərarlar verə biləcəyini ehtimal edirlər. Faiz dərəcələrinin azalmasının əlehdarı olanların işdən alınaraq yerlərinə daha yumşaq pul-kredir siyasətinin aparılmasını dəstəkləyənlərin gətirilməsi faiz qərarı verilmədən çox əvvəl vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyinin carçısıydı. Hədəf ölkəyə valyuta axınını təmin etməkdirsə onda qeyd etmək lazımdır ki, ixracla yanaşı bu həm də investisiyalar vasitəsilə edilir. Türkiyə də bu mənada istisna deyil. Ölkə əhəmiyyətli dərəcədə portfel investisiyalarından asılıdır. "İsti pullar" dediyimiz bu investisiyalar ölkə iqtisadiyyatı üçün çox önəmlidir. Həmin pullar isə faiz dərəcələri aşağı olan ölkələrə getmir. Faiz dərəcələrinin davamlı olaraq azalma istiqamətində inkişaf edəcəyinə dair gözləntilər olan da isə ölkəyə bu cür investisiya edənlər də artıq bazardan çıxmağa başlayır. Bu isə nəticə etibarı ilə valyuta gəlirlərinin azalmasına və milli valyutanın günbə-gün dəyərdən düşməsinə gətirib çıxarır. Türkiyədə bu gün müşahidə etdiklərimiz bu qəbildəndir”, - deyə o əlavə edib.
E.Bağırzadə hesab edir ki, yaxın günlərdə Türkiyə iqtisadiyyatı çətinliklərlə üzləşə bilər: “Mərkəzi Bankın valyuta bazarında ciddi problem olacağı təqdirdə valyuta satmaq yolu ilə vəziyyətə müdaxilə etmək imkanları həddindən artıq məhduddur. Belə ki, onun əlində kifayət qədər valyuta ehtiyyatları yoxdur. Bu mənada qarşıdakı günlərdə işlər Mərkəzi Bankın hədəflədiyi istiqamətdə getməsə və bazar subyektləri buna daha sərt reaksiya göstrərsə vəziyyətə müdaxilə etmək üçün daha sərt mexanizmlər işə salına bilər. Valyuta axınlarına nəzarəti gücləndirmək üçün onun alqı-satqısına, dollarla əməliyyatlara məhdudiyyətlər tətbiq edilə bilər. İkinci bir yol kimi svop razılaşmalarının sayı artırıla bilər. Mövcud durumda Mərkəzi Bankın bundan başqa atacağı addımlar demək olar ki, qalmayıb. Tənzimləyici dünənki qərarında da qeyd edib ki, ilin sonuna qədər faiz dərəcələrini azaldmaq imkanları artıq çox məhduddur. Bununla bir növ bazara mesaj verilir ki, artıq qırmızı xətt müəyyən olunub. Bu mənada düşünürəm ki, ilin sonuna kimi ən çoxu daha 2 faiz bəndi azalmanın olacağını gözləmək olar”.