Valyuta ehtiyatlarını qorumaq üçün hökumət hansı addımları atmalıdır?

Valyuta ehtiyatlarını qorumaq üçün hökumət hansı addımları atmalıdır? Maliyyə sabitliyinin qorunması hər zaman olduğu kimi bu il də Azərbaycanda hökumətin prioriteti olacaq.
Maliyyə
13 Yanvar , 2022 16:16
Valyuta ehtiyatlarını qorumaq üçün hökumət hansı addımları atmalıdır?

Maliyyə sabitliyinin qorunması hər zaman olduğu kimi bu il də Azərbaycanda hökumətin prioriteti olacaq.

Bu barədə “Report”a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bildirib.

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarının əməkdaşlarına verdiyi müsahibə zamanı valyuta ehtiyatlarının azalmaması üçün hökumətə göstəriş verdiyini vurğulamışdı:

“Bizim valyuta ehtiyatlarımız artıb, baxmayaraq ki, keçən il böyük xərclərimiz olub. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir. Buna baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard ABŞ dolları artıb. Bildiyiniz kimi, mənim hökumətə ümumi göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Əgər lazım olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, amma valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq. Çünki bu, bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil”.

Bəs, o zaman valyuta ehtiyatlarının azalmaması üçün hökumət hansı addımları atmalıdır?

N. Hacızadə hesab edir ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatının normallaşma dönəminə qədəm qoyması, pandemiyanın əhatə dairəsinin zəifləməsi, habelə sözügedən ilin 9 aylıq göstəricilərinə əsasən tələbin canlanması ilə ev təsərrüfatları istehlakının 9 % yüksəlməsi iqtisadi artımı dəstəkləyən əsas faktoru olub:

"Makroiqtisadi və maliyyə sabitliyinin qorunması ötən ildə olduğu kimi 2022-ci ildə də monetar siyasət qurucusunun başlıca prioriteti olacaq. Məzənnə siyasətində lövbər rolunu oynayan profistli tədiyə balansı iqtisadi subyektlərin gözləntiləri üçün istinad xarakteri daşıyır. Habelə, 2021-ci ildə ümumi və qeyri-neft ixracının faiz artımının idxalın faiz artımını üstələməsi ilə müsbət saldonun əldə edilməsi Azərbaycanın valyuta ehtiyatlarına 2,5 milyard ABŞ dollarlıq töhfə verib. Qeyri-neft ixracının artırılmasına dəstək verəcək əsas amillərdən biri də investisiya qoyuluşlarıdır. 2021-ci ilin 11 aylıq göstəricilərinə əsasən, həyata keçirilən sərmayə qoyuluşlarının 66,1 %-i məhsul istehsalı sahələrinə yönəldilib. Sözügedən investisiyanın da əsas hissəsi tikinti quraşdırma və avadanlıqların transfer edilməsinə yönəldilib. İstehsala qoyulan investisiyalar 2022-ci ildə yerli məhsul ixracı üçün müsbət gözlənti formalaşdıracaq. Qeyri-neft sektorunda fəaliyyət göstərən idxal məhsulları sektorunu yerli istehsal ilə rəqabət aparan sektora keçirilməsi 2022 və daha sonrakı dövr üçün əsas proqnozlardandır”.

N,Hacızadə qeyd edir ki, daxili tələbdə yerli istehsal məhsullarının ev təsərrüfatları və firmalar qarşısında inam qazanması gələcək makroiqtisadi sabitlik üçün əhəmiyyətli rol oynacaq:

“Aparılan təhlillərə əsasən, hazır ərzaq, tütün və içki məhsulları sektorunda idxal məhsulları daxili tələbin yalnız 21,4 %-ni təşkil edir. Yerli istehsal xərclərinə daxil olan xammal, avadanlıq və qablaşdırma xərclərini bura daxil etməsək məhsul buraxılışının ölkə daxili zəncir boyu dövriyyəsi arzu olunandır. Qeyri-yeyinti istiqamətli xammal istehsalçılarının ixracyönümlü strategiyası daxili bazarda idxal məhsullarına olan tələbi artırır. Bu baxımdan, özəl sektorun istehsal xərclərində yerli xammala olan tələbatın artırılması üçün təşviqedici və tənzimləyici tədbirlərin həyata keçirilməsi xarici valyutaya olan ehtiyacı azaldacaq.

2022-ci il qlobal inflyasiya ili olduğunu nəzərə alsaq, monetar qurumların sərt pul siyasətinə üstünlük verəcəkləri gözlənilir. Pul kütləsinin genişlənməsi xarici ticarət subyektləri üçün daha əlverişli idi. 2021-ci il daha az həcmlə daha əlverişli qazanca yiyələn təklif subyektləri, növbəti illərdə həcm əsaslı qazanca yönəlmə ehtiyacı müşahidə edəcəklər. 2022-ci il Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi canlanma sürətini Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti-quraşdırma işlərinə sərmayə qoyuluşu və fiskal genişlənmə vasitəsilə daha çox hiss edəcəyik”.

İqtisadçı-ekspert Xalid Kərimli isə hesab edir ki, hökumətin atacağı istənilən addım Qarabağın bərpasına mane ola bilməz:

"Hazırda Azərbaycanın 53 milyard ABŞ dolları dəyərində valyuta rezervləri var ki, onun da təxminən 45 milyard ABŞ dollarlıq hissəsi Dövlət Neft Fondunda (ARDNF), digər hissəsi isə Mərkəzi Bankdadır. “Daimi gəlir” nəzəriyyəsinə görə, biz ARDNF-nin vəsaitlərinin hansı gəlirliklə investisiya etdiyini və gələcəkdə necə edəcəyini, həmçinin Neft Fondunun gözlənilən daxilolmalarını nəzərə alaraq transfer üçün maksimal və standart məbləğ müəyyən edilməlidir. Burada göstərilməlidir ki, Neft Fondundan hansı məbləğ götürüləcək ki, həmin vəsait daim onun mədaxillərindən artıq olmasın və ya eyni məbləğ olsun. Bunu hesablamaq o qədər də mürəkkəb məsələ deyil. Sadəcə proqnozları və gözləntiləri nəzərə almaq lazımdır.

Beləliklə, gəlirləri qorumaq üçün ilk olaraq ARDNF-dən büdcəyə transfer olunacaq ehtiyatların fiks rəqəmini müəyyən etmək və ona riayət etmək lazımdır. Həmçinin nəzərə almaq lazımdır ki, hökumətin cari və sosial xərcləri var. Bunları da həmin göstəricilərə uyğun tənzimləmək mümkündür.

Gördüyünüz kimi hökumət Qarabağın bərpasında da sistemli, iqtisadiyyat üçün problem yaratmayacaq həcmdə və idarəolunacaq şəkildə vəsaitlərin ayrılmasını həyata keçirir. Ötən il bu məqsədlərə 2 milyard manat ayrılmışdısa, 2022-ci ildə bu rəqəmin 2,2 milyard manat olması planlaşdırılır. Yəni bu qeyd olunan şəkildədir və qeyd edilən məsələlər Qarabağın bərpası prosesinə mane olmayacaq".

X. Kərimli hesab edir ki, böyük həcmli vəsaitlərin çox sürətli yatırılması iqtisadiyyat üçün problemlər yarada bilər: "Bu hətta “Holland sindromu” effektini dağa da gücləndirə bilər. Hansı ki, biz onun problemlərini həll etməyə çalışırıq. Çoxlu xarici valyuta xərcləmək həm də ölkədə pulun dəyərini kəskin artıra, gələcək üçün də çox ciddi maliyyə qeyri-sabitliyi şəraiti yarada bilər.

Rezervlərin qorunması əhəmiyyətli və vacibdir. Düzdür arzu edilsə də pandemiya, Vətən müharibəsi və Qarabağın bərpası ilə əlaqədar məsələlərin fonunda son illər bunu etmək mümkün olmayıb. Ancaq yəqin ki, biz yaxın illərdə bu problemlərin yüngülləşməsi ilə ARDNF-nin vəsaitlərindən istifadənin limitləşməsini görəcəyik. Yəni artıq bu konyuktur spekulyativ məsələlərə bağlı olmayacaq. Belə bir valyuta qaydasının tətbiqi ilə valyuta ehtiyatlarını qorumaq olar. İstənilən halda bu Qarabağın sistemli və ardıcıl bərpasına mane olmayacaq”.

Son xəbərlər

Orphus sistemi