“Hesablama Palatası növbəti ilin dövlət büdcəsi layihəsində bir sıra məsələlərə diqqət yetirilməsini məqsədəmüvafiq hesab edir”.
“Report” xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
“Birincisi, büdcə qaydası ilə bağlı qeyd edək ki, qarşıdakı ildə bu qaydaların tətbiqinin dayandırılmasının şərtləri və bu institutun bərpası ilə bağlı əsaslandırmalar əhəmiyyətlidir. Belə ki, büdcə qaydası fiskal intizam norması olduğu üçün ortamüddətli dövrdə təkrar tətbiqi zəruridir.
Orta Müddətli Xərclər Çərçivəsi (OMXÇ) əsasında tərtib ediləcək ilk büdcə olmasını nəzərə alaraq yeni büdcə planlaşdırılması metodu çərçivəsində hansı addımların atılacağı büdcə sənədlərində xüsusilə əks olunmalıdır. Əlavə olaraq, nəticə əsaslı büdcəyə keçidin ilkin pilot versiyası və büdcəyə hansı formada inteqrasiya edilməsi növbəti ilin dövlət büdcəsi xərclərində və zəruri sənədlərdə müəyyənləşdirilməlidir”, - o qeyd edib.
“Məlum olduğu kimi, dövlət büdcəsi gəlirlərində neft amili xüsusi rola və paya malikdir. Büdcədə neft gəlirlərinin hələ də dominant olması nəzərə alınmaqla son 3 ildə 22-25 milyard manat arasında dəyişən büdcə xərclərinin strukturunun optimallaşdırılması növbəti ilin büdcə xərclərində mütləq atılmalı addımlardandır. Belə ki, bu xərclərin həcminin son 3 ildə əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artdığı, sosial-iqtisadi problemlərin həllinin dövlətin əsas məqsədi olduğu nəzərə alınmaqla, böyük büdcənin optimal və çevik struktura malik olması da vacib şərtdir.
Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin mərhələli şəkildə azaldılması, qeyri-neft gəlirləri hesabına əvəz olunması və cari ildən institusional islahatlara start verilməsi ilə özəlləşdirmə, özəl investisiyanın cəlbi ilə bağlı tədbirlərin sürətləndirilməsi 2021-ci ilin büdcəsi üçün yeni çağırışlar kimi qəbul edilməlidir”, - V.Gülməmmədov əlavə edib.
“Hesablama Palatasının hesablamalarına əsasən, son iyirmi ildən artıq müddətdə özəlləşmədən daxilolmalar bir milyard manat məbləğindədir. Bu vəsaitin 30 %-i devalvasiyadan sonrakı üç ildə daxil olub. Həmçinin qeyd edim ki, ümumi daxilolmanın da 37 %-i faizi torpaq sahələrinin satışından əldə edilib. Hesab edirik ki, növbəti illərdə kəsirin maliyyələşdirilməsi üçün bu mənbədən daxilolmalar hər il üçün ən azı göstərilmiş məbləğdə olmalıdır. Növbəti ilin bu sahədə dönüşün ilk ili olacağını vurğulamaqla keçid dövrü üçün kəsirin maliyyələşdirilməsi məqsədilə digər mənbələrə, məsələn, əlavə borclanmaya müraciət edilə bilər.
Növbəti illərdə dövlət borcu üzrə risklər müəyyənləşdirilməli və mümkün təhdidlər konkretləşdirilməli, bununla bağlı strategiya tərtib edilməli və xərclərdə nəzərə alınmalıdır. Daxili mənbələr hesabına borclanmanın məhdud olması, xarici borclanma hesabına maliyyələşmənin artması ilə bağlı gözləntilər mövcuddur. Bu səbəbdən atılacaq bütün addımlar və icra ediləcək vəsaitlər risklərin minimallaşdırılması məqsədinə xidmət etməlidir. Əminəm ki, hökumət borclanmanı idarəolunan səviyyədə saxlayacaqdır.
Prezident son müşavirələrdə dövlət xərclərinə nəzarət və dövlət maliyyəsinin hər bir manatının əsaslandırılmasını vacib tələb kimi müəyyən edib. Bu tapşırıqların 2021-ci ilin dövlət büdcəsində birmənalı olaraq nəzərə alınması, büdcə şəffaflığı və hesabatlılığının yüksəldilməsi məqsədilə zəruri məlumat və sənədlərin sayının artırılması vacibdir. Aydındır ki, növbəti ildə büdcə-vergi siyasətinin əsas istiqamətləri xüsusilə əhəmiyyətli məqsədlər üzərində formalaşmalıdır”, - sədr əlavə edib.