Vüqar Gülməmmədov: “Xərclərin optimallaşdırılması imkanı hələ də mövcuddur”

Vüqar Gülməmmədov: “Xərclərin optimallaşdırılması imkanı hələ də mövcuddur” “Dövlət büdcəsində gəlirlərin azaldılması son illərdə əsas maliyyə sənədinə yenidən baxılması üçün demək olar ki, ilk dəfə nəzərdən keçirilən bir hal kimi xarakterizə olunmalıdır. Aydındır ki, qlobal karantin şərtləri bütün səviyyələr üzrə gəlirlərin azal
Maliyyə
27 Avqust , 2020 15:42
Vüqar Gülməmmədov: “Xərclərin optimallaşdırılması imkanı hələ də mövcuddur”

“Dövlət büdcəsində gəlirlərin azaldılması son illərdə əsas maliyyə sənədinə yenidən baxılması üçün demək olar ki, ilk dəfə nəzərdən keçirilən bir hal kimi xarakterizə olunmalıdır. Aydındır ki, qlobal karantin şərtləri bütün səviyyələr üzrə gəlirlərin azalmasına səbəb olub”.

 “Report” xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

“Dövlət büdcəsi ilə bağlı qanuna rəy verdiyimiz dəyişikliklər real sektor üzrə azaldılan büdcə daxilolmalarının, əsasən, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcəyə transfertinin artırılması hesabına kompensasiya olunmasını nəzərdə tutur və bununla da dövlət büdcəsi gəlirlərinin ümumi məbləğinin təxminən ilkin səviyyədə saxlanılması təmin edilib. Həmçinin gəlirlərin strukturunda neft gəlirlərinin artımı, qeyri-neft gəlirlərinin isə azalması gözlənilir. Amma qeyd edək ki, neft gəlirlərinin tərkibində nəzərdə tutulmuş artım neft sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı tərəflərin mənfəət vergisinin 24,7 % və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) büdcə ödənişlərinin isə 14,5 % azalması fonunda ARDNF-in transfertinin artımı ilə səciyyələnir”, - o qeyd edib.

“Ümumiyyətlə, Hesablama Palatası xərclərin optimallaşdırılması ilə bağlı işlərin həyata keçirilməsi fonunda bu istiqamətdə potensial və imkanların hələ də mövcud olması qənaətindədir. Hesab edirik ki, məhz bu potensialın reallaşdırılması dərəcəsi ARDNF-dən transfertin məbləğinə təsir edən əsas göstəricilərdəndir.

Vurğulanmalıdır ki, bəzi tədiyə növləri üzrə proqnozlaşdırılan azalma meyli əgər yaşadığımız pandemiya şəraitinin təsiri ilə birbaşa korrelyasiya olunursa, bəzi tədiyələrdə nəzərdə tutulmuş dəyişikliklər xüsusi rejimin gəlirlərin azalmasına olan təsirinin kompensasiya edilməsi məqsədini daşıyır. İkinci bir xüsusiyyət kimi büdcə gəlirlərinin strukturunda bəzi tədiyə növləri üzrə proqnozların artırılması qeyd edilməlidir. Bu isə tərəfimizdən ilkin təsdiq olunmuş göstəricilər üzrə müvafiq icra hakimiyyəti orqanının korrektəsi kimi qəbul olunub”, - V.Gülməmmədov vurğulayıb.

“Diqqətə çatdırılmalı digər bir məqam dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsindən daxilolmaların təsdiq edilmiş proqnoz göstəricisindən 17,5 dəfə çox olmaqla nəzərdə tutulmasıdır. Xatırladaq ki, 2020-ci ilin dövlət büdcəsi ilə bağlı rəydə sərbəst qalığın idarəetməyə verilməsindən daxilolmalar üzrə kifayət qədər ehtiyat məbləğin mövcudluğu Hesablama Palatası tərəfindən qeyd olunub.

Xərclərlə bağlı aparılan dəyişikliklər funksional təsnifatın 9 bölməsində azalmanı və 3 bölməsində artımı əhatə edir. Qeyd edək ki, azalmalar, əsasən, pandemiyanın yaratdığı çətinliklər fonunda formalaşan xərcləri əhatə etsə də, artımı xüsusilə iki istiqamət üzrə qruplaşdırmaq mümkündür: səhiyyə sistemində yaranan əlavə xərclərin maliyyələşdirilməsi məqsədini güdən xərclər və iqtisadi fəaliyyətin qorunması, postpandemiya şəraitində artımı stimullaşdıracaq tədbirlər üzrə xərclər. Hesab edirik ki, yaranmış vəziyyətlə bağlı büdcədə aparılan dəyişikliklər cari şərtlərə adekvat xarakteri ilə seçilir və mümkün risklərdən səmərəli sığortalanma kimi qiymətləndirilməlidir.

Yaşadığımız şərait dövlət vəsaitlərinin qənaətli və səmərəli istifadəsi ilə bağlı meyarların daha ciddi şəkildə tətbiqini tələb edir. Ən əsası isə, bu, Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi və icra üçün qurumlar qarşısında müəyyənləşdirilmiş bir tələbdir. Vəsaitlərin səmərəli və qənaətli istifadəsinin təmin edilməsi yollarından biri də rəqabətliliyin təmin olunmasından keçir”, - sədr əlavə edib.

Son xəbərlər

Orphus sistemi