"Qlobal inflyasiya dövlət borcuna başqa istiqamətdən də təsir edir. Artan inflyasiya volatilliyi borclanma xərclərinə təzyiq göstərir və investorlar uzunmüddətli borc üçün daha yüksək “mükafat” tələb edirlər".
Bunu "Report"a müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
"Məsələn, Beynəlxalq Valyuta Fondu (IMF) hesablayıb ki, inflyasiya volatilliyində standart kənarlaşmanın 1 vahid artması üç ildə hökumətin uzunmüddətli istiqrazlarının gəlirliliyini 0,5 vahid artıra bilər, eyni zamanda, dövlət borcu artdıqca bu trend də güclənir.
Azərbaycanda inflyasiyanın sürətlənməsinə baxmayaraq, dövlət istiqrazlarının nominal gəlirlilik səviyyəsi azalır: “Məsələn, ötən il üçillik istiqrazın gəlirlilik səviyyəsi apreldə 7,8 % olduğu halda, bu ilin aprelində 4,3%-ə düşüb, deməli, inflyasiyanı da nəzərə alanda real gəlirlilik faizi kəskin azalıb. Bu hal investorların dövlətə inamının artması və məhdud alternativ sərmayə imkanlarının olması deməkdir. Hətta Maliyyə Nazirliyi tərəfindən 5 illik və 7 illik istiqrazların dövriyyəyə buraxılması onu göstərir ki, investorların risk antipatiyası azalıb və daha uzunmüddətli dönəmdə dövlətə inanırlar. Daha uzun müddətə və daha aşağı real gəlirliliklə dövlət qiymətli kağızlarının emissiyası dövlət borcunun strukturunda yerli borclanmanı, özü də daha əlverişli şərtlərlə artırır. Bu yolla, dövlət borcunda xarici borcun xüsusi çəkisi azalır və məzənnə riski də daxil olmaqla, bir sıra risklər yumşalır”, - deyə o, qeyd edib.
Müsahibəni tam şəkildə buradan oxuya bilərsiniz.