Vüsal Qasımlı: "İnkişafın Qarabağ modeli qurulacaq"

Vüsal Qasımlı: "İnkişafın Qarabağ modeli qurulacaq" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Qarabağın inkişafı sahəsində araşdırmalarını davam etdirir.
Maliyyə
25 Yanvar , 2021 11:40
Vüsal Qasımlı: İnkişafın Qarabağ modeli qurulacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Qarabağın inkişafı sahəsində araşdırmalarını davam etdirir.

"Report" xəbər verir ki, bu barədə Mərkəzin rəhbəri Vüsal Qasımlı bildirib.

Onun fikrincə, Qarabağın reinteqrasiyası ilə Azərbaycan iqtisadiyyatında kapital artacaq: "2021-ci ilin dövlət büdcəsindən ayrılan 2,2 milyard manat vəsait ilə yanaşı, dövriyyəyə cəlb olunan milli sərvət - torpaq, meşə, su, faydalı qazıntı, əmlak və mədəni sərvətlər kapitalın həcmini - əsas fondları artırır.

Azərbaycanda əmək ehtiyatlarının sabit qaldığı şəraitdə kapitalın - əsas fondların çoxalması kapitaltutumlu iqtisadi artımı sürətləndirir. Yaradılan yeni əsas fondlar müasir texnologiyalara əsaslandığından daha çox fondverimliliyi, yəni hər manat kapitala düşən məhsulu artıracaq. Digər tərəfdən də, Solou modelinə görə Qarabağda kapital qoyuluşu sıfırdan başladığına və tarazlıq nöqtəsinə (steady-state level) məsafə çox olduğuna görə daha çox dəyər yaradacaq. Necə ki, İkinci Dünya müharibəsindən sonra Almaniya və Yaponiya dağıntların üzərində rəqabətqabiliyyətli iqtisadiyyat qurdular. Qarabağda dövlət sərmayələri katalizator, qeyri-dövlət sərmayələri isə drayver olacaq. Təsadüfi deyil ki, bu günlərdə Standard & Poor's (S&P) agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren kredit reytinqini "BB+/B" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "mənfi"dən "stabil"ə yüksəldib. Agentlik bunu Qarabağın azad olunması və atəşkəs razılaşmasının imzalanması nəticəsində təhlükəsizliyin, maliyyə sektorunun və tədiyyə balansının risklərinin azalması ilə əsaslandırıb”.

V.Qasımlının sözlərinə görə, iqtisadi artıma təsir göstərəcək daha iki amil var: "İqtisadiyyatın özünün səmərəliliyi və insan kapitalı. Prezident İlham Əliyev Qarabağda yeni, daha səmərəli idarəetmə modelinin anonsunu verdi, hətta Prezidentin xüsusi nümayəndəliyi institutunun yaradılması barədə göstəriş verildi, Qarabağ Dirçəliş Fondu yaradıldı. Bu, inkişafın Qarabağ modelinin əsasının qoyulmasıdır və uğur qazanacağı təqdirdə Azərbaycanın qalan ərazisində də tətbiq ediləcək. Qarabağda smart region yanaşması tətbiq edilir: müasir şəhərsalma, 4-cü sənaye inqilabının çağırışlarına uyğun yanaşma, xarici kapital və ən əsası yeni idarəetmə modeli. Ermənistan üçün yükə və buxova çevrilən Qarabağ, Azərbaycan üçün inkişafın drayveri və ilham mənbəyidir".

Son xəbərlər

Orphus sistemi