“EuroMillions” lotereyası tarixinin ən böyük cekpotu - 220 milyon avro Fransa Polineziyasının sakininə çatıb.
“Report”un xarici mətbuata istinadən xəbərinə görə, Fransanın qumar oyunlarını tənzimləyən “Francaise des jeux” (FDJ) tərəfindən yayılan məlumatda qeyd edilir ki, qalib qız həyatında ilk dəfə lotereya oynayıb.
"FDJ Taitidə uduşunu təsdiqlədiyi “EuroMillions” tirajının qalibinə 220 milyon avronu təqdim etdi", - tənzimləyicinin kommünikesində deyilir.
Adı açıqlanmayan qalibin özü atasının mütəmadi olaraq lotereya biletləri aldığını, lakin özünün "yaxşı anı gözlədiyini" və nəhayət intuisiyaya güvənərək bilet aldığını söyləyib. O, həmçinin etiraf edib ki, uduşları götürməzdən əvvəl biletini bir neçə dəfə gizlədib və nə vaxtsa onu hara qoyduğunu unudacağından qorxub.
Qeyd edək ki, lotereya iştirakçılarının bu günə qədər qazandıqları ən böyük cekpot 200 milyon avro olub - bu məbləğ 2020-ci ildə Fransa sakininə çatıb. Böyük Britaniya sakinləri 2019 və 2012-ci illərdə iki dəfə 190 milyon avro qazanıblar, 2014-cü ildə oxşar qələbəyə Portuqaliya, 2017-ci ildə isə İspaniya sakinləri imza atıb.
“EuroMillions” lotereyası Avropada 2004-cü ildən keçirilir. Lotereya əvvəlcə İspaniya, Fransa və Böyük Britaniyada təşkil olunub. Daha sonra ona Avstriya, Belçika, İrlandiya, Lüksemburq, Portuqaliya, İsveçrə və Lixtenşteyn qoşulub. Lotereya qaydalarına görə, qalibin adının anonim qalmaq hüququ var.