Hindistanın Panipat şəhər sakini, əri tərəfindən 18 ay ərzində ayaqyolunda saxlanılan qadın xilas edilib.
“Report” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Hadisə yerli sakinlərin qadını xilas etmək üçün ərazi üzrə hüquq mühafizə orqanlarına müraciətindən sonra məlum olub.
Hadisə yerinə gələn polis, 0,8 kv. m sahəsi olan ayaqyolunda yatan üç uşaq anasını aşkarlayıb. Məlum olub ki, qadın son 18 ay ərzində həyat yoldaşı tərəfindən burada məcburi saxlanılırmış.
Ər isə öz hərəkətini həyat yoldaşının psixi problemlərinin olması ilə əsaslandırmağa çalışıb. Lakin bununla bağlı sənəd təqdim edə bilmədiyi üçün həbs edilib.
Qadın əvvəlcə xəstəxanaya göndərilib, sonra əmisi oğlunun himayəsinə verilib.