Texaslı qadının mağazadan, təxminən, 35 ABŞ dollarına aldığı mərmər büstün bir neçə əsrlik artefakt olduğu məlum olub.
“Report” “Associated Press”ə istinadən xəbər verir ki, ekspertlər büstün İkinci Dünya Müharibəsi zamanı Almaniyadan yoxa çıxan sənət əşyalarından biri olduğunu müəyyənləşdirəndən sonra onu muzeydə nümayiş etdirməyə başlayıblar.
Kolleksiyaçı Lora Yanqın 2018-ci ildə “Goodwill” mağazasında tapdığı büst bir vaxtlar kral I Lüdviqin kolleksiyasına aid olub. Sənət əsəri gələn il Almaniyaya qaytarılana qədər müvəqqəti olaraq San Antonio İncəsənət Muzeyində nümayiş olunur.
Muzeydən bildiriblər ki, qədim Roma dövrünə aid edilən büst eramızdan əvvəl I əsrə və ya eramızın I əsrinə aiddir və tarixçilər büstdə Pompeyin Yuli Sezar tərəfindən vətəndaş müharibəsində məğlub edilən oğlunun təsvir oluna biləcəyini düşünürlər. Artefakt sonuncu dəfə Almaniyanın Aşaffenburq şəhərində görülüb və ekspertlər hesab edirlər ki, amerikalı əsgər büstü götürərək özü ilə ABŞ-a gətirib.