ABŞ-da fəaliyyət göstərən azərbaycanlı pianoçu dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq bəstəkarlar müsabiqəsi keçirir.
Bu barədə “Report”un yerli bürosuna layihənin təşəbbüskarı, Əməkdar artist, Nyu-York şəhərində yaşayan, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti Nərgiz Əliyarova məlumat verib. O bildirib ki, müsabiqə Milli Musiqi və Qlobal Cəmiyyəti ilə Azərbaycan-Amerika Musiqi Fondunun birgə təşkilatçılığı ilə baş tutur.
N.Əlyarovanın sözlərinə görə, müsabiqənin məqsədi dahi bəstəkarın əsərlərini plagiatçılıqdan qorumaq, dünyada Ü.Hacıbəyli musiqisini və Azərbaycan mədəniyyətini təbliğ etməkdir: “Azərbaycan musiqiləri, dahi bəstəkarlarımızın əsərləri zaman-zaman mənfur qonşularımız ermənilər tərəfindən oğurlanmaqdadır. Lahiyənin ortaya çıxması da, bununla bağlı oldu. Belə ki, internetdə erməni bəstəkarı Arno Babajanyanın əsərini dinlədim. Məlum oldu ki, “Vaqar Şopat” rəqsi ilə təqdim olunan melodiya əslində dahi bəstəkarımız Ü.Hacibəylinin “O olmasin, bu olsun” operasından oğurlanıb. Düşündüm - biz hansı yolla Üzeyir bəyin əsərlərini qoruya və tanıda bilərik ki, düşmənlərimizin belə oğurluq əməllərinin qarşısını alaq".
Ü.Hacıbəylinin əsərlərinin çoxu böyük simfonik orkestorlar üçün nəzərdə tutulan operalardır. Həmin əsərlərin səsləndirilməsi üçün böyük səhnələrə və musiqiçilərə ehtiyac var. Bütün bunlar maddi vəsait tələb edir. Layihədə iştirak edən musiqiçilər üç əsərdən - “O olmasın, bu olsun”, “Arşın mal alan” və "Koroğlu" operalarından götürülmüş 10 melodiyadan birini və ya bir neçəsini seçərək, həmin melodiya əsasında yeni əsər yazacaqlar.
Müsabiqənin mükafat fondu 3 500 ABŞ dollarıdır, qaliblərin əsərləri həmçinin Nyu-Yorkun məşhur Linkoln mərkəzində ifa olunacaq. Sənədlər əsərin çap olunmuş elektron variantı və əsərin səs yazısı 1 iyul 2021-ci il tarixinə qədər qəbul olunacaq.
Müsabiqənin sonunda münsiflər heyəti tərəfindən seçilən ən yaxşı əsərlər ABŞ-da nəşr ediləcək.
Əməkdar artist qeyd edib ki, müsabiqənin davamlı olaraq hər il keçirilməsi planlaşdırılır: “Bununla yanaşı, ermənilər tərəfindən oğurlanmış 60-dan çox xalq və bəstəkar mahnıları var ki, onların da yenidən əsl sahiblərinin adından təqdim olunmasına çalışacağıq”.
Vüsalə Abbasova