ADA Universitetində 12-ci Beynəlxalq Festival keçirilir.
“Report” xəbər verir ki, tədbir ADA Universitetinin Beynəlxalq əlaqələr şöbəsi, ADA Universiteti Fondu və “Kolin İnşaat Şirkəti”nin dəstəyi, eləcə də “OCAQ” Teatr Cəmiyyəti, “Topçubaşov” adına beynəlxalq təqaüd proqramı və “ESN ADA Baku” tələbə klublarının birgə əməkdaşlığı çərçivəsində keçirilir.
Artıq ənənəyə çevrilmiş bu festivalda 39 ölkənin səfirləri, xarici dövlətlərin ölkəmizdə akkreditə edilmiş səfirliklərinin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, habelə yerli və xarici tələbələr, jurnalistlər iştirak edirlər.
Diplomatlar festivalın qonaqlarına ölkələrinin mədəniyyət nümunələrini və mətbəxini təqdim edib, onun tarixindən danışıblar.
Tədbiri açıq elan edən ADA Universitetinin Dövlət, tələbə və xarici işlər üzrə prorektoru Fariz İsmayılzadə qeyd edib ki, artıq 12-ci dəfədir keçirilən festival universitetin multikultural dəyərlərini və buradakı beynəlmiləl mühiti əks etdirir.
Tədbir açıq havada ADA Universitetinin kampusunda keçirilir.