Avropa Şurasının Strasburqdakı mənzil-qərargahında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar sərgi keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycan Prezidentinin sərəncamına əsasən elan edilən “Nizami ili” çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil edilib.
Sərgidə öz əsərlərində sülh, ədalət, humanizm, yüksək əxlaq, azadlıq və bərabərlik kimi ideal və dəyərləri təbliğ etmiş dahi mütəfəkkirin “Xəmsə”sinə daxil olan poemaların motivləri əsasında çəkilmiş əsrarəngiz miniatürlər nümayiş olunur. Eyni zamanda xüsusi guşədə Nizami Gəncəvinin zəngin yaradıcılığından nümunələr və onun bəşər ədəbiyyatına misilsiz töhfəsi haqqında məlumatlar diqqətə çatdırılır.
Qeyd edək ki, tədbir həmçinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının keçirildiyi dövrə təsadüf edir. Bu isə öz növbəsində Strasburqda yerləşən diplomatik korpus və katiblik əməkdaşları ilə yanaşı, avropalı parlamentarilər və digər qonaqların sərgi ilə tanış olmasına imkan verir.