Yanvarın 26-da Misir Ərəb Respublikasının Qahirə şəhərində 53-cü Qahirə Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.
Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə nazirliyin Kitab Sənayesi şöbəsinin müdiri Akif Marifli, həmin şöbənin məsləhətçisi Kamran Musayev, habelə Misir Ərəb Respublikasındakı Azərbaycan Səfirliyinin nümayəndələri Nicat Nemətov və Ramiz Vəliyev iştirak ediblər.
Sərgidə Azərbaycan mədəniyyətini, tarixini, coğrafiyasını, ədəbiyyatını təbliğ edən kitablar nümayiş etdirilir.
Açılış mərasimində Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli iştirak edib. O, tədbirdə çıxış edərək sərginin işinə uğurlar arzulayıb.
Bundan əlavə səfər çərçivəsində nazirliyinin nümayəndələri Akif Marifli və Kamran Musayev Misir-Azərbaycan Dostluq Cəmiyyətinə ziyarət edib və nümayəndə heyətinin cəmiyyətin sədri Seymur Nəsirovla görüş təşkil edilib.