Azərbaycan Parisdə, UNESCO-nun mənzil qərargahında keçirilən Beynəlxalq Çay Günündə təmsil olunub.
“Report”un Fransa bürosu xəbər verir ki, ölkəmiz artıq üçüncü ildir ki, “Fransa-Azərbaycan Dialoqu Assosiasiyası” və “Toğrul Nərimanbəyov Assosiasiyası”nın təşkilatçılığı ilə beynəlxalq tədbirdə təmsil olunur.
Stendimizdə Azərbaycan çay məhsulları, çay süfrəsi ləvazimatları ilə yanaşı milli geyimlərimizə, incəsənətimizə, milli oyun növü “Çövkən”ə həsr olunmuş kitabçalar nümayiş olunub.
Azərbaycan stendini müxtəlif ölkələrin diplomatları, jurnalistlər və digər qonaqlar ziyarət ediblər.
Tədbirdə Nəcəfova Dilbər və Kəskin Dərya Azərbaycan milli rəqslərini ifa ediblər. Tədbirdə həmçinin azərbaycanlı fleyta ustası Ağarahim Quliyev də çıxış edib.
Qonaqlar Azərbaycan mətbəxinin ləziz yeməklərinin də dadına baxıblar.
Festivalda bu il 16 ölkə təmsil olunub ki, onların arasında Qazaxıstan, Qırğızıstan, Çin Xalq Respublikası, İndoneziya, Şri-Lanka, Vyetnam, Yaponiya, Monqolustan, Fransa, Mərakeş və digər ölkələr yer alıb.
Ölkələr milli çay süfrəsi mədəniyyətləri ilə yanaşı milli musiqilərini, rəqslərini, incəsənətlərindən nümunələr də nümayiş ediblər.