Oktyabrın 20-də Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərində 73-cü beynəlxalq kitab sərgisi açılıb.
Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, "Yenidən əlaqə qur" devizi ilə 80 ölkədən 2000 iştirakçının qatıldığı sərgidə fəxri qonaq ölkə Kanada dövlətidir.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz builki sərgidə yenilənmiş dizayna malik stendində ölkəmizin mədəniyyətinə, tarixinə dair geniş çeşid nəşrlərlə təmsil olunur. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə, həmçinin ölkəmizdə cari ilin "Nizami Gəncəvi İli" olması zəngin nəşrlər və vizuallıqla yanaşı, keçirilən müxtəlif tədbirlər ilə sərgi boyunca ziyarətçilərin diqqətinə təqdim ediləcək.
Kitab işi sahəsində çalışan minlərlə mütəxəssisi bir yerə toplayan sərgi yeni əməkdaşlıqların qurulması və təcrübə mübadiləsi üçün mühüm platformadır. Pandemiya səbəbi ilə sərgiyə qatıla bilməyənlər onlayn yayımlanan müxtəlif görüşləri, ustad dərslərini və digər tədbirləri izləyəcəklər.
Qeyd edək ki, 73-cü Frankfurt Beynəlxalq Kitab Sərgisi oktyabrın 24-dək davam edəcək.