Finlandiyadan Saxalinədək Vətənini tərənnüm edən “azərbaycanlı rus”

Finlandiyadan Saxalinədək Vətənini tərənnüm edən “azərbaycanlı rus” Azərbaycanda doğulub böyüyənlərin bir çoxu müxtəlif səbəblərdən xaricə üz tutur, lakin onların az qala hamısı doğma yurduna, buranın insanlarına, mədəniyyətinə bağlı qalır, nisgilini yaşayır.
Mədəniyyət siyasəti
7 Dekabr , 2020 15:56
Finlandiyadan Saxalinədək Vətənini tərənnüm edən “azərbaycanlı rus”
Yaroslav Semenov

Azərbaycanda doğulub böyüyənlərin bir çoxu müxtəlif səbəblərdən xaricə üz tutur, lakin onların az qala hamısı doğma yurduna, buranın insanlarına, mədəniyyətinə bağlı qalır, nisgilini yaşayır. Sumqayıt şəhərində doğulub boya-başa çatmış 66 yaşlı Yaroslav Semyonov hələ 1982-ci ildə komsomol gənclər inşaatçı dəstəsinin heyətində uzaq Kareliyaya getmişdi. Yeni mənzil üçün pul qazanıb Sumqayıta qayıtmaq fikrindəymiş. Lakin taleyi başqa cür yazılsa da, pandemiya başlayanadək hər il doğma şəhərinə gəlirdi.

"Report" ruhu və qəlbi ilə Azərbaycana bağlı olan Yaroslav Semyonov ilə xatirələrini bölüşüb.

“Sumqayıtda dünyaya gəlmişəm, böyümüşəm. Kareliyada tikintidə işləyəndə orada işləyənlərin hamısına ev verdilər. Beləcə orada qalmalı oldum. Amma doğma yurdum üçün o qədər darıxırdım ki, heç bir musiqi təhsilim olmaya-olmaya mahnılar yazmağa başladım. Elə belə sintezator alıb nəğmə qoşmağa başladım”, - Y.Semenov danışır.

“Azərbaycan haqqında yalnız xoş xatirələrim qalıb. Bu ölkə mənə doğru tərbiyə verdi, böyüklərə hörmət etməyi, Vətəni sevməyi öyrətdi. Bu mahnıları yazmağımın səbəbi də Vətən həsrətidir. Həmin mahnıları oxuduğum hər yerdə, ta Finlandiyadan Saxalinədək Azərbaycan xalqının oğlu olduğumu deyirəm. Ona görə də bir çoxları mənə “azərbaycanlı rus” deyirlər. Yazdığım 45 mahnıda Azərbaycanda dostluq, əmin-amanlıq, müxtəlif xalqların mehriban yaşadıqları doğma Sumqayıt şəhərim tərənnüm olunur”, - həmvətənimiz xatirələrini bölüşüb.

İkinci Qarabağ müharibəsi dövründə də Vətəni üçün həyəcan keçirən Y.Semenov internet məkanında Azərbaycan üçün vuruşub: “Əlbəttə ki, mahnıların vaxtı deyildi, internetdə müxtəlif materiallar tapıb dost-tanışlarla paylaşır, onlara əsl həqiqəti çatdırmağa çalışırdım. Ordumuzun qələbəsinə inanaraq həmvətənlərimizə təsəlli verirdim”.

Son xəbərlər

Orphus sistemi