Bakıda Tacikistan Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib - YENİLƏNİB

Bakıda Tacikistan Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib - YENİLƏNİB Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri keçirilir.
Mədəniyyət siyasəti
20 May , 2024 21:30
Bakıda Tacikistan Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib - YENİLƏNİB

Bakıda Tacikistan Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan və Tacikistanın mədəniyyət nazirləri Adil Kərimli və Matlubaxon Sattoriyen Heydər Əliyev Mərkəzində təşkil olunan Tacikistan mədəniyyətinə aid incəsənət nümunələrindən ibarət sərgi ilə tanış olublar.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Tacikistan Mədəniyyəti Günlərinin Bakıda və Gəncədə təşkil olunmasını tarixi hadisə adlandırıb.

Nazir qeyd edib ki, iki ölkə arasındakı münasibətlər Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistanın dövlət başçısı Emomali Rəhmonun möhkəm iradəsi nəticəsində inkişaf edir.

"Azərbaycanda Tacikistanın mədəniyyət günləri çərçivəsində müxtəlif rəngarəng tədbirlərin keçirilməsi və sonra qala-konsertin təşkili nəzərdə tutulur. Ümid edirəm ki, bu tədbirlər münasibətlərin daha da inkişafına təkan verəcək", - nazir əlavə edib.

Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen isə Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait olduğunu vurğulayıb. Nazir deyib ki, Azərbaycanla Tacikistan mədəni mübadilə sahəsində səmərəli tərəfdaşlıq əlaqələrinə malikdir:

"Azərbaycan zəngin ədəbi ənənələrə malikdir. Xüsusilə, Nizami Gəncəvi və onun müəllifi olduğu "Xəmsə" əsəri ölkəmizdə də sevilir və tədqiq olunur. Mədəniyyət günləri istənilən dövləti dost ölkənin insanlarına uğurla tanıtmaq üçün mükəmməl bir vasitədir. Ona görə də, Azərbaycanda Tacikistan Günlərinin keçirilməsi münasibətlərin inkişafında mühüm rol oynayacaq".

Nazirlərin çıxışından sonra tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, Tacikistan Mədəniyyəti Günlərinin mayın 23-də yekunlaşması nəzərdə tutulur.

18:46

Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri keçirilir.

"Report" xəbər verir ki, tədbir çərçivəsində Heydər Əliyev Mərkəzində "Tacikistan rəssamlarının rəsm əsərləri, xalq sənətkarlıq nümunələri və milli geyimləri" sərgisi nümayiş olunur.

Proqrama əsasən, mayın 20-si Bakıda, 23-də isə Gəncədə Tacikistanın incəsənət ustalarının qala-konserti təqdim olunacaq.

Qeyd edək ki, Tacikistan Mədəniyyəti Günlərinin mayın 23-də yekunlaşması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi