Qazaxıstanın Azərbaycandakı səfirliyində dahi qazax şairi və mütəfikkiri Abay Kunanbayevin əsərlərin motivləri əsasında yaradılan türk ölkələrdən olan rəssamların işlərinin yer aldığı "Abayı oxuyarkən" art-albomun təqdimatı keçirilib. Albom mütəfəkkirin dünyaya gəlməsinin 175-ci ildönümü ilə əlaqədar elan olunan Abay Kunanbayev İli çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən buraxılıb.
"Report" xəbər verir ki, təqdimatda TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, Qazaxıstan səfiri Serjan Abdıkarimov, Azərbaycan-Qazaxıstan Respublika Dostluq Cəmiyyətinin vitse-prezidenti Eldar İsmayılov, həmçinin Azərbaycanın elmi və yaradıcı dairələrin nümayəndələri iştirak ediblər.
Görüş iştirakçıları qarşısında çıxış edən Düsen Kaseinov vurğulayıb ki, Abay xalq şairi, mütəfikkir, maarifçi və qazax milli ədəbiyyatının banisi olaraq təkcə Qazaxıstan üçün deyil, eyni zamanda bütün türk dünyası üçün zəngin miras qoyub: onun şeirləri və müdrik kəlamları bütün türk xalqların zənginliyini və mənəviyyatını tərənnüm edir.
Tədbir əsnasında “Abay 175 il” xatirə medallarının və dahi qazax şairinin adının və irsinin təşviqində böyük pay sahibi olan şəxslərə fəxri fərmanların verilməsi mərasimi keçirilib. Mükafatlar BDU yanında Abay adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzinin rəhbəri F.Dursunovaya, BDU-nun Türkşünaslıq kafedrasının rəhbəri R.Əsgərova, jurnalist-publisist A.Eyvazovaya, yazıçı-nasir N.Əbdülrəhmanlıya, Pedaqoji Universitetinin Ədəbiyyat kafedrasının professoru E.Quliyevə, BDU-nun Türkşünaslıq kafedrasının professoru F.Ağayevaya təqdim olunub.
Qonaqlara dahi Abayın həyatı və yaradıcılığı haqqında sənədli film təqdim olunub, ənənəvi qazax təamları təklif edilib.