Bakıda keçiriləcək 12-ci Beynəlxalq Qısa Filmlər Festivalında yerli və əcnəbi rejissorlar üçün film qəbulu elan edilib.
Festivalın Təşkilat Komitəsindən "Report"a verilən məlumata görə, 12-16 noyabr tarixlərində Bakıda baş tutacaq festivala filmlərin qəbulu avqustun 25-nə kimi davam edəcək.
Yaşı 35-ə qədər olan rejissorlar 35 dəqiqədən çox olmayan qısa filmlərini festivalın beynəlxalq, yerli və “Cinemobil” bölmələrinə təqdim edə bilərlər.
Yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə festivalın əsas mükafatı “Qızıl Nar” və pul mükafatı təqdim ediləcək.
Festivalın yerli müsabiqəsinin ümumi mükafat fondu 5 000 AZN təşkil edir.
Festivala göndərilən filmlər Seçim Komissiyası tərəfindən seçilərək müsabiqəyə daxil ediləcək. Kinoforumun rəsmi proqramı 1 noyabrda açıqlanacaq.
Xatırladaq ki, Bakı Beynəlxalq Qısa Filmlər Festivalına hər il dünyanın müxtəlif ölkələrindən 2000-dən çox film göndərilir. Onların arasında Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlər də yer alır. Festivalın müsabiqə bölümündə isə fərqli yanaşma tərzi ilə seçilən filmlər yarışır.