Bakıda Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası baş tutub

Bakıda Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası baş tutub Azərbaycan Milli Kitabxanasında Asiya Hekayəçilik Komitəsinin növbəti iclası keçirilib.
Mədəniyyət siyasəti
6 Oktyabr , 2024 16:46
Bakıda Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası baş tutub

Azərbaycan Milli Kitabxanasında Asiya Hekayəçilik Komitəsinin növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasa üzv dövlətlər – Koreya, Qazaxıstan, Qırğız Respublikası, Monqolustan və Tacikistandan mədəniyyət nazirliklərinin nümayəndələri qatılıb.

Asiya Hekayəçilik Komitəsi Koreya tərəfinin təşəbbüsü ilə 2009-cu ildə Mərkəzi Asiya ölkələrinin mədəniyyət nazirlikləri ilə əməkdaşlıq çərçivəsində yaradılıb.

Komitə Koreya Respublikasının Asiya Mədəniyyət Mərkəzinin vasitəçiliyi ilə bu günə qədər Asiya xalqlarının mədəni irsini əks etdirən birgə nəşrlərin hazırlanması, sərgilər, tamaşalar, festivallar və s. mədəni tədbirlərin həyata keçirilməsini təmin edib.

Komitə tərəfindən Azərbaycanla bağlı nağıllardan ibarət iki kitab koreya dilində çap olunub və Azərbaycan xalça sənətinin tanıdılması ilə bağlı işlər görülüb. Azərbaycan mədəni irsini əks etdirən növbəti kitab çapa hazırlanıb.

Komitənin 16-cı iclasının açılışında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi qonaqları salamlayıb və Asiya ölkələrinin mədəni irsinin öyrənilməsi və təbliğində Komitənin rolunun vacibliyini vurğulayıb.

İclasın gedişatında Asiya Mədəniyyət Mərkəzinin nümayəndələri cari ildə görülmüş işlər haqqında hesabatla çıxış edib. Daha sonra üzv dövlətlərin nümayəndələri tərəfindən növbəti il üçün birgə əməkdaşlığa dair təkliflər səsləndirilib.

Fasilədən sonra iclasın protokolu bir daha nəzərdən keçirilib. Protokolda Asiya xalqlarının maddi-mədəni irs nümunələrinin nümayiş olunduğu “İpək Yolu” sərgisinin təşkili, birgə “Uşaq Kitabları Mükafatı”nın təsis edilməsi, qayaüstü təsvirləri əks etdirən birgə layihənin hazırlanması, komitənin 17-ci iclasının növbəti ildə Monqolustanda keçirilməsi və s. məsələlər əksini tapıb.

Protokol üzvlər tərəfindən imzalanıb və iclas işini yekunlaşdırıb.

Asiya Hekayəçilik Komitəsinin üzvləri, həmçinin oktyabrın 6-da 10-cu Bakı Beynəlxalq Kitab Sərgisini ziyarət edib və Azərbaycan kitab sənayesi ilə yaxından tanış olublar.

Son xəbərlər

Orphus sistemi